ADA Universitetində keçirilən “ADA-nın ədəbiyyat söhbətləri” layihəsinin növbəti görüşü “Süni intellekt çağında folklor: ənənələr necə dəyişir?” mövzusuna həsr olunub. Görüşdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev məruzə ilə çıxış edib. Tədbirin moderatoru ADA Universitetinin müəllimi Ramil Əhməd olub.
Folklor İnstitutundan “Tehsil365"ə bildirilib ki, Hikmət Quliyev çıxışında folklorun yalnız keçmişə aid mədəni irs kimi anlaşılmasının elmi baxımdan məhdud yanaşma olduğunu vurğulayıb. O, folkloru yalnız bədii-estetik çərçivələrlə məhdudlaşdırmağın metodoloji baxımdan yanlış olduğunu bildirərək onun müxtəlif sosial qruplarının dünyagörüşünü, təcrübəsini və kommunikasiya təcrübəsini ifadə edən canlı və dinamik sosial sistem olduğunu diqqətə çatdırıb.
Alimin fikrincə, folklor kollektiv düşüncənin “əməliyyat sistemi” kimi sosial davranış modellərinin formalaşmasında, biliklərin ötürülməsində və kommunikasiya mexanizmlərinin təşəkkülündə mühüm rol oynayır. Məruzədə informasiya və sənaye inqilablarının folklorun ifadə üsullarına ciddi təsir göstərdiyi, xüsusilə rəqəmsal kommunikasiya mühitinin folklor yaradıcılığını yeni mərhələyə çıxardığı qeyd olunub.
Hikmət Quliyev vurğulayıb ki, internet və sosial şəbəkələr artıq yalnız kommunikasiya vasitəsi deyil, həm də virtual mühitdə formalaşan “kiberxalq”ın kollektiv biliyinin istehsal olunduğu sosial məkandır. Təqdim olunan konseptual yanaşmaya görə, rəqəmsal mühitdə yaranan folklor nümunələri yeni sosial identiklik modellərinin formalaşmasına və virtual insan fenomeninin meydana çıxmasına şərait yaradır.
Məruzədə süni intellekt texnologiyalarının folklor və kollektiv bilik istehsalı ilə münasibətlərinə də xüsusi diqqət ayrılıb. Qeyd olunub ki, süni intellekt sistemləri kollektiv təbii intellektin yaratdığı mədəni məlumat bazasını “mənimsəyərək” posthuman mərhələyə xas yeni bilik istehsalı modelinin formalaşmasına təsir göstərir. Bu proses nəticəsində alqoritmik sistemlər kollektiv insan təfəkkürünün və mədəni yaddaşın müəyyən mənada “rəqəmsal əkizi”ni yaradır və bilik istehsalının xarakterini dəyişdirir.
Müzakirə zamanı moderator Ramil Əhməd folklorşünaslıqda baş verən metodoloji dəyişikliklərə toxunaraq filolojiyönümlü ənənəvi folklorşünaslıq yanaşmaları ilə sosial-antropoloji əsaslı müasir tədqiqat istiqamətləri arasındakı fərqlərə diqqəti cəlb edib. O qeyd edib ki, beynəlxalq elmi praktikada, eləcə də son illərdə Azərbaycanda folklor artıq yalnız mətnyönümlü fenomen kimi deyil, sosial münasibətlərin, kollektiv davranış modellərinin və dəyərlər sistemlərinin formalaşmasında iştirak edən mədəni mexanizm kimi araşdırılır.
Görüşün diskussiya hissəsində tədbir iştirakçıları – müəllim və tələbələr folklorun rəqəmsal transformasiyası, ənənə anlayışının yenidən şərhi və süni intellekt dövründə folklorun gələcək taleyi ilə bağlı fikir mübadiləsi aparıblar.

