Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq fevralın 27-28-də Milli Elmlər Akademiyasında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
AMEA-dan "Tehsil365"ə bildirilib ki, yüz il əvvəl də Birinci Türkoloji Qurultay 1926-cı ildə fevralın 26-dan martın 6-dək Azərbaycan Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsində yerləşən indiki binasında keçirilib.
Vaxtilə Birinci Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Orta Asiya respublikaları, Gürcüstan, Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Altay Muxtar respublikalarından, Yakutiyadan 131 nəfər görkəmli dilçi, ədəbiyyatçı, tarixçi, etnoqraf alimlər, tanınmış şair və yazıçılar iştirak etmişlər. Birinci Türkoloji Qurultayda ortaq tarix, ədəbiyyat, terminologiya, orfoqrafiya, etnoqrafiya məsələləri müzakirə olunub, türkologiya elminin əsasları yaradılıb. Qurultay türk xalqları üçün vahid latın əlifbasının qəbul edilməsi haqqında tarixi qərar qəbul edib.
Keçmiş sovet rejimi Birinci Türkoloji Qurultayın iştirakçılarını sürgünə göndərmiş, ölüm cəzasına məhkum edib.
Fevralın 27-28-də “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq elmi konfrans Birinci Türkoloji Qurultayda türk xalqlarının elmi-mədəni inteqrasiyasına böyük töhfələr vermiş, latın qrafikasına keçid haqqında tarixi qərar çıxarmış, faciəli tale yaşamış görkəmli alimlərin, şair və yazıçıların xatirəsinə ehtiramın ifadəsi və onların böyük ideallarının XXI əsrdəki təntənəsidir.
Beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gələcək tanınmış elm adamlarının məruzələri dinləniləcək.
Konfrans iştirakçılarının Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda da iştirak və çıxış etmələri nəzərdə tutulur.

