Prezidentin Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutunun, eləcə də Nəbatat Bağının Gəncə Dövlət Universitetinin (GDU) tabeliyinə verilməsi barədə 2025-ci il 4 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Qərarının yerinə yetirilməsinə dair GDU üzrə müvafiq komissiya yaradılıb.
“Tehsil365” AZƏRTAC istinadən xəbər verir ki, universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, komissiyanın iştirakı ilə 4 elmi müəssisənin əməkdaşları ilə görüş keçirilib.
Görüşün məqsədi cari fəaliyyət vəziyyətinin obyektiv qiymətləndirilməsi, elm, tədris və innovasiya potensialının universitetlə uyğunlaşdırılması, idarəetmə, maliyyə və insan resurslarının səmərəli inteqrasiyasının təmin edilməsi olub.
Komissiyanın sədri, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə çıxışında bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılmasına dair Prezidentin Sərəncamı GDU-nun elmi əlaqələrini daha da gücləndirəcək və elmin inkişafına önəmli töhfələrini verəcək.
Görüşdə komissiyanın sədr müavini, GDU-nun İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, komissiyanın üzvləri – Baş hüquqşünas Günay Şirinova, Doktorantura şöbəsinin müdiri Maqsud Vəliyev, İnsan resursları şöbəsinin müdiri Gülçöhrə Tağıyeva, Baş mühasibin müavini Rəvan Əzizov və Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova çıxış edərək regionlarda elmin inkişafı, gənc alimlərin hazırlanması, magistr və doktorantların institutlarda birbaşa tədqiqat aparması üçün daha əlverişli mühitin formalaşdırılmasından, eləcə də elm–təhsil inteqrasiyasının gücləndirilməsindən bəhs edib, görüş iştirakçılarını maraqlandıran suallara ətraflı cavab veriblər.
Daha sonra GDU-nun tabeliyinə verilmiş 4 elmi müəssisənin fəaliyyət qaydalarının universitet Nizamnaməsinə uyğunlaşdırılmasının təmin edilməsi, birgə fəaliyyətin, hesabatlılığın, elmi məhsuldarlığın, idarəetmə, maliyyə və insan resurslarının səmərəli inteqrasiyasının təmin edilməsi, kadr potensialının qiymətləndirilməsi və digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

