“Repetitorluğun geniş yayılması təhsildə və qəbul imtahanı sistemində müəyyən çatışmazlıqların mövcud olduğunu göstərir.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, qəbul imtahanlarında fənlərin çoxluğu və bəzi təhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı problemlər repetitorluğa tələbatın artmasına səbəb olur. Onun sözlərinə görə, müəllimlərin tədrisi birbaşa imtahan proqramına uyğunlaşdırması və ya praktiki proqram əsasında imtahanların təşkili məsələsi bu sahədə əsas müzakirə mövzularındandır.
“Əgər bu istiqamətdə dəyişikliklər aparılarsa, repetitorluğun qarşısını müəyyən qədər almaq mümkün olar. Məsələn, qəbul imtahanlarında fənlərin sayını minimallaşdırmaq repetitorluğa ehtiyacı azalda bilər”, — deyə o qeyd edib.
Elçin Əfəndi əlavə edib ki, yuxarı siniflərdə — xüsusilə 9–11-ci siniflərdə — tədrisin planlaşdırılması və qəbul proqramına uyğunlaşdırılması da mühüm addımlardan biridir.
“Bu istiqamətdə Elm və Təhsil Nazirliyi tərəfindən pilot layihələr tətbiq olunub. Əgər 10–11-ci siniflər Dövlət İmtahan Mərkəzinin qəbul proqramı əsasında təhsil alarsa, bunun müəyyən qədər müsbət nəticə verəcəyini düşünürəm”, — deyə o vurğulayıb.
Ekspert sonda qeyd edib ki, hazırda təhsil sahəsində müəyyən islahatlar aparılır və qarşıdakı illərdə dəyişikliklərin nəticələri daha aydın görünəcək.
Onun fikrincə, yaxın 4–5 il ərzində müəyyən yeniliklər müşahidə oluna bilər və 2030-cu ildən sonra daha ciddi və əsaslı dəyişikliklərin baş verməsi gözlənilir.

