Pakistanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin yenidən qurulmasından sonra açılışı olub.
Ölkəmizin Pakistandakı səfirliyindən “Tehsil365"ə bildiriblər ki, bu münasibətlə təşkil olunan tədbirdə səfir Xəzər Fərhadov, universitetin rektoru Şahid Mahmud Kayani, ali təhsil müəssisəsinin prorektorları, müəllim və tələbə heyəti, beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Pakistan Dövlət himnləri səsləndirilib.
Azərbaycan və Pakistanın iki dost və qardaş ölkə olduqlarını bildirən rektor Şahid Mahmud Kayani Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin iki ölkə arasında mövcud çoxşaxəli əlaqələrin möhkəmlənməsində müstəsna rol oynadığını, pakistanlı və o cümlədən dünyanın müxtəlif ölkələrindən olan tələbələrin Mərkəzə xüsusi diqqət göstərdiyini bildirib. Rektor, həmçinin universitet tərəfindən həyata keçirilən renovasiya tədbirləri nəticəsində Mərkəzin yenidən qurularaq fəaliyyətə hazır formaya gətirildiyini qeyd edərək onun təhsil, elm və insanlararası əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini deyib.
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla video-müraciətdə möhkəm təməllər üzərində qurulmuş və dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərində təhsil sahəsində əməkdaşlığımızın əhəmiyyətindən danışıb. O, əməkdaşlığın inkişafı istiqamətində ölkə rəhbərləri tərəfindən qarşıya qoyulmuş missiyanın vacibliyini vurğulayaraq, bu istiqamətdə ortaq elmi-tədqiqat işlərinin aparılmasının önəminə toxunub.
Səfir Xəzər Fərhadov Azərbaycan-Pakistan münasibətlərinin dinamik inkişafından söhbət açaraq, ötən dövrlər ərzində bu istiqamətdə görülmüş işlərdən bəhs edib. Diplomat Pakistanın 2 böyük şəhərindən - Lahor və İslamabaddan Bakıya birbaşa uçuşların sayının həftədə 8-ə çatdığı, Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, bu Komissiyanın tərkibində yaradılmış işçi qrupları barədə məlumatları diqqətə çatdırıb.
Səfir Xəzər Fərhadov 2022-ci ilin iyunundan fəaliyyət göstərən və əsaslı yenidənqurma işlərindən sonra inaqurasiyası keçirilən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin elm, təhsil, mədəni və humanitar sahələr üzrə ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Mərkəzin fəaliyyəti ilə bağlı göstərilən dəstəyə görə NUML-ın rəhbərliyinə təşəkkür edib.
Sonda Mərkəzin tələbələri Azərbaycan-Pakistan münasibətlərinə həsr olunan şeirlər söyləyiblər.

