Yaponiyanın Təhsil Nazirliyi beynəlxalq rəqabətin güclənməsi fonunda 3 dövlət universitetinə xaricdən daha çox tələbə qəbul etməyə icazə verib.
“Tehsil365” Yaponiya mediasına istinadla xəbər verir ki, müəyyən tələblərə cavab verən Tohoku, Tsukuba və Hiroşima universitetləri xarici tələbə kvotasını artırıb. Hazırda bu təhsil ocaqlarının hər birində xarici tələbələrin kvotası təkrəqəmlidir. Yeni qərarla xarici tələbə kvotası müvafiq olaraq 20, 29 və 10 faizə qaldırılacaq.
Nazirliyin açıqlamasında bildirilir ki, 2024-cü ildə Yaponiyada rekord sayda 336 min xarici tələbə olub. Qurum 2033-cü ilədək bu rəqəmi 400 minə çatdırmağı hədəfləyib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2023-cü ildə apardığı sorğuda bakalavr təhsili alan xarici tələbələrin nisbəti Avstraliyada 17 faiz, Böyük Britaniya və Kanadada 15 faiz, Yaponiyada isə cəmi 3 faiz təşkil edib. Təhsil Nazirliyi xaricdən gələn əlaçı tələbələrin Yaponiya universitetlərinin tədqiqat imkanlarını gücləndirəcəyinə və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcəyinə ümid edir.

