BMT-nin Baş katibi Antonio Quterreş Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair ortamüddətli icmalı təqdim edəcək.
"Tehsil365" xəbər verir ki, bunu BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının ("UN-Habitat") icraçı direktoru Anaklaudia Rossbax regional KİV üçün Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunmuş onlayn brifinqdə bəyan edib.
Bu, növbəti onillik üçün - 2036-cı ilədək kursun müəyyən edilməsində mühüm məqam olacaq.
Onun sözlərinə görə, forum "Dünyanın mənzillə təminatı: təhlükəsiz, dayanıqlı şəhərlər və icmalar" mövzusu altında keçiriləcək ki, bu da qlobal mənzil böhranının təxirəsalınmazlığını əks etdirir.
"Dünya üzrə təqribən 3 milyard insan qeyri-münasib yaşayış şəraitində yaşayır. 1 milyarddan çoxu qeyri-rəsmi məskunlaşma yerlərində və xarabalıqlarda yaşayır. 300 milyondan çox insan evsizdir. Bu böhran dərinləşir, şəhərlərdə insan ləyaqətini, təhlükəsizliyi, sağlamlığı və məhsuldarlığı sarsıdır", - A.Rossbax qeyd edib.
O, həmçinin böhranın dünyada müşahidə edilən iqlim dəyişiklikləri və münaqişələrlə sıx əlaqəli olduğunu vurğulayıb: "WUF13 mənzil məsələlərini qlobal gündəliyin mərkəzinə qoyacaq".
A.Rossbaxın sözlərinə görə, 2026-cı il qlobal şəhər gündəliyi üçün əsas il olacaq, çünki Kitoda BMT-nin mənzil və dayanıqlı şəhər inkişafı üzrə konfransında (Habitat III) Yeni Şəhər Gündəliyinin qəbul edilməsinin 10 ili tamam olacaq.
Dayanıqlı İnkişaf Məqsədi №11 - Dayanıqlı şəhərlər və yaşayış məntəqələri - üzrə irəliləyiş 2026-cı ilin iyulunda BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda qiymətləndiriləcək ki, bu da 2030-cu ilədək tədbirləri korrektə etmək imkanı verəcək.
A.Rossbax əlavə edib ki, həmçinin BMT Baş Assambleyası Yeni Şəhər Gündəliyi üzrə yüksək səviyyəli iclas keçirəcək.
"Bakıda keçiriləcək WUF13 sadəcə konfrans olmayacaq - bu, dövlətlərə və tərəfdaşlara öhdəlikləri yekunlaşdırmağa, boşluqları aşkar etməyə və qarşıdakı onillik ərzində layiqli mənzil təminatı sahəsində prioritetləri müəyyən etməyə imkan verən bir növ nəzarət nöqtəsi olacaq", - o fikrini yekunlaşdırıb.

