XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ARTIM layihəsi çərçivəsində “MATRIX” adlı multidisiplinar qrup sərgisinin açılışı keçirilib.
“Tehsil365” xəbər verir ki, sərgidə 29 iştirakçının rəngkarlıq, qrafika, instalyasiya, keramika, performans, fotoqrafiya və video layihələri nümayiş olunub.
Sərginin kuratoru Fərəh Ələkbərli agentliyə açıqlamasında layihə haqqında məlumat verib. O bildirib ki, ARTIM layihəsi gənc azərbaycanlı rəssamları dəstəkləməyə, yeni formalaşan istedadların inamla və məqsədyönlü şəkildə inkişafına şərait yaratmağa həsr olunub.
Kuratorun sözlərinə görə, layihə müasir incəsənət təcrübəsini gücləndirmək məqsədilə hazırlanmış bir-biri ilə əlaqəli təşəbbüslər vasitəsilə təhsil, eksperiment və peşəkar təqdimat imkanlarını bir araya gətirir:
“MATRIX” reallığın proqramlaşdırılmış və istehsal olunmuş bir konstruksiya ola biləcəyi ehtimalını irəli sürür. Bu, sadəcə simulyasiya ideyası deyil, həqiqətin özünün kodlaşdırılmış sistemlər vasitəsilə formalaşması fərziyyəsidir. Matrisa görünməzdir, forma deyil – formalaşdıran mexanizmdir”, – deyə F.Ələkbərli əlavə edib.
Onun sözlərinə görə, “MATRIX” qrup sərgisi reallıq və illüziya arasındakı sərhədi ləğv edir. Layihə arxetiplər, kollektiv yaddaş və sosial kodlar kimi anlayışlar vasitəsilə fərdi seçim kimi görünən davranışların arxasında dayanan struktur qatlara işarə edir. Rəssamlar bu kontekstdə şəxsi təcrübəni başlanğıc nöqtəsi kimi götürərək reallığı ontoloji sabitlik kimi deyil, davamlı istehsal olunan sistem kimi şərh edirlər.
Əgər dünya kodlardan ibarətdirsə, mədəniyyət, tarix, etik normalar və emosional reaksiyalar da neytral deyil — onlar da proqramlaşdırılmış şablonlardır. Bu şablonlar kollektiv şüuru tənzimləyir, davranışı istiqamətləndirir və mövcudluq modelini legitimləşdirir.
Kuratorun fikrincə, “MATRIX” reallığı dəyişdirməyi deyil, onun necə qurulduğunu göstərməyi hədəfləyir: “Bu sərgi reallığı təsvir etmir, onu deşifrə etməyə çalışır”.
Tədbirin bədii hissəsində Elvin Novruzlu, Dilarə Kazımova və Cavid Mehdiyev musiqi nömrələri ilə çıxış ediblər.

