"Uşaqlarda yaranan görmə problemləri əsəbilik, narahatlıq və təhsil səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər".
“Tehsil365" xəbər verir ki, bunu "İzvestiya"ya rusiyalı uşaq oftalmoloqu Olqa Popkova deyib.
Həkimin sözlərinə görə, uşaqlarda ən geniş yayılmış görmə pozuntuları refraksiya anomaliyalarıdır: miopiya (yaxındangörmə), hipermetropiya (uzağıgörmə) və astiqmatizm.
Bundan əlavə, uşaqlarda gözlərin koordinasiyalı işinin və fokuslanmanın pozulması nəticəsində yaranan çəpgözlük və ambliopiya ("tənbəl göz" sindromu) kimi hallara da tez-tez rast gəlinir.
Olqa Popkova qeyd edib ki, bu problemləri aradan qaldırmağın ən etibarlı yolu müntəzəm profilaktik müayinələrdən keçməkdir: "Problem aşkar edildikdə mümkün qədər tez korreksiya vasitələri seçilməlidir. Vaxtında təyin edilmiş eynəklər uşağın ətrafı tam görməsinə və normal inkişafına şərait yaradır. Yeddi yaşdan yuxarı uşaqlar isə yumşaq kontakt linzalardan istifadə edə bilərlər".
Həkim, həmçinin gecə linzalarının (ortokeratologiya) faydalarından da danışıb: "Gecə linzaları yatmazdan əvvəl taxılır və səhər çıxarılır. Yuxu zamanı bu linzalar buynuz qişanın ön səthinin formasını yumşaq şəkildə dəyişir. Bu effekt gün ərzində qalır və uşağa eynəksiz yaxşı görməyə, sərbəst şəkildə idmanla məşğul olmağa və aktiv həyat tərzi sürməyə imkan verir".

