AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin 2026-cı il üzrə fəaliyyət planına uyğun olaraq şöbənin baş elmi işçisi filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Güney Azərbaycan folklorunun Türkiyədə tədqiqi (mühacirət elmi-nəzəri fikri kontekstində)” mövzusunda elmi məruzəsi dinlənilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, tədbirdə şöbənin əməkdaşları ilə yanaşı, İraqda fəaliyyət göstərən Kərkük Kültür Dərnəyinin rəhbəri doktor Şəmsəddin Kuzəçi, eləcə də elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəmqızı iştirak edib.
Professor Almaz Həsənqızı uzun illər ana dilində nə təhsilin, nə də nəşr fəaliyyətinin mümkün olmadığı, hətta gündəlik danışığın belə müxtəlif formalarda məhdudlaşdırıldığı Güney Azərbaycanda folklorun xalqın milli-mənəvi özünütəsdiq vasitəsinə çevrildiyini vurğulayıb. O bildirib ki, xalq öz azadlıq və istiqlal ideallarını, tarixi yaddaşını, etnik-mədəni kimliyini, sosial-mənəvi dəyərlər sistemini məhz şifahi yaradıcılıq nümunələri vasitəsilə qoruyub saxlayıb və nəsildən-nəslə ötürüb. Aşıq yaradıcılığı, dastanlar, mərasim folkloru, bayatılar və digər janrlar Güney Azərbaycan türklərinin mənəvi müqavimət forması kimi çıxış edib.
Məruzəçi qeyd edib ki, Quzey Azərbaycanda sovet ideoloji senzurasının sərt nəzarəti, xüsusilə XX əsrin 30-cu illərindən etibarən “Güney” mövzusunun siyasi baxımdan həssas məsələ kimi qiymətləndirilməsi bu istiqamətdə sistemli elmi araşdırmaların aparılmasını çətinləşdirib. Nəticədə Güney Azərbaycan folkloru uzun müddət akademik diskursdan kənarda qalıb və yalnız məhdud çərçivədə öyrənilib. Bu kontekstdə mühacirətdə formalaşan elmi-nəzəri fikir xüsusi əhəmiyyət daşıyıb. Almaz Həsənqızı bildirib ki, həmin dövrdə xaricdə fəaliyyət göstərən Azərbaycan ziyalıları daha sərbəst elmi mühitdə çalışdıqları üçün Güney Azərbaycan folkloruna həm milli ideologiyanın əsaslandırılması, həm də mədəni bütövlük ideyasının qorunması baxımından yanaşıb.
Məruzədə M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, İ.Melikoff, B.Həqqi, X.Aslan və digər tədqiqatçıların əsərlərinə nəzər salınıb, onların Güney Azərbaycan folklorunun toplanması, nəşri və elmi şərhi sahəsində gördüyü işlər təhlil edilib. Qeyd edib ki, bu alimlər folklor materiallarını milli tarix və ictimai fikir kontekstində dəyərləndirib, Güney Azərbaycan məsələsini beynəlxalq elmi ictimaiyyətin diqqətində saxlamağa çalışıb.
Məruzənin sonunda mövzunun müasir dövrdə aktuallığına toxunulub, mühacirət folklorşünaslığının sistemli şəkildə öyrənilməsinin vacibliyi vurğulanıb. Tədbir elmi diskussiya şəraitində davam edib, iştirakçılar mövzu ilə bağlı sual və təkliflərini səsləndirib, gələcək tədqiqat istiqamətləri barədə fikir mübadiləsi aparıb.

