Bakı Dövlət Universitetində (BDU) yaşıl təhsil və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər dünyanın nüfuzlu ali təhsil platforması olan “Times Higher Education” portalında dərc edilmiş məqalədə geniş şəkildə işıqlandırılıb.
Bu barədə “Tehsil365”ə BDU-dan bildirilib. “Universitetlərdə yaşıl təhsilin inteqrasiyası: Bakı Dövlət Universitetində gənclərin təşəbbüsü ilə dayanıqlılıq” adlı məqalədə universitetdə ekoloji məsuliyyətli təhsil mühitinin formalaşdırılması, tələbə təşəbbüslərinin təşviqi və dayanıqlı inkişaf dəyərlərinin institusional səviyyədə tətbiqi istiqamətində görülən işlər beynəlxalq auditoriyaya təqdim olunur.
Məqalədə vurğulanır ki, yaşıl təhsil yanaşması BDU-nun həm akademik fəaliyyətində, həm də tələbə həyatında sistemli şəkildə tətbiq olunur. BDU-nun yanaşmasında yaşıl təhsil yalnız akademik məzmunla məhdudlaşmır, eyni zamanda, kampus mühiti, tələbə təşəbbüsləri və ictimai fəaliyyət vasitəsilə gündəlik universitet həyatının ayrılmaz komponentinə çevrilir. Bu model tələbələrin iqlim və dayanıqlı inkişaf problemlərinə həssas, təşəbbüskar və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir.
BDU təcrübəsinin beynəlxalq səviyyədə təqdim olunması universitetin yaşıl transformasiya və dayanıqlı inkişaf sahəsində artan qlobal tanınmasının göstəricisi olmaqla yanaşı, Azərbaycanın ali təhsil sisteminin bu istiqamətdə potensialını da nümayiş etdirir.
Ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.

