AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunin birgə təşkilatçılığı ilə “Xaqani Şirvani 900 - Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, konfrans çərçivəsində mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq, ədəbiyyatşünaslıq, folklorşünaslıq, türkologiya, fəlsəfə, teologiya və mədəniyyətşünaslıq sahələrini əhatə edən məruzələr təqdim olunacaq. Konfransda Xaqani Şirvaninin ədəbi irsi və müasir tədqiqlər, yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər, əsərlərinin dünya dillərinə tərcüməsi və yayılma coğrafiyası, Şirvanşahlar dövrü və Xaqaninin həyatı mövzularında müzakirə aparılacaq. Həmçinin Azərbaycan xaqanişünaslığının problemləri və perspektivləri, şairin irsinin tədrisi və metodoloji yanaşmalar, dünya ədəbiyyatşünaslığında Xaqani yaradıcılığı, onun əsərlərinin mətnşünaslıq və ədəbi-fəlsəfi problemləri, şairin yaradıcılığında poetik dil, simvolika və metaforik sistem və digər mövzular müzakirə ediləcək.
Xaqani irsi ilə bağlı digər aktual mövzularda təqdim olunmuş tezislər də konfransın təşkilat komitəsi tərəfindən dəyərləndiriləcək.
Konfrans üçün tezislər Azərbaycan və ya ingilis dilində hazırlanmalıdır.
Tezislər aprelin 1-dək qəbul ediləcək. Qəbul olunan tezislərin nəticələri aprelin 21-də elan olunacaq. Məqalələrin tam mətni mayın 8-dək təqdim olunmalıdır. Simpoziumun iyunun 8-də keçirilməsi planlaşdırılır. Ətraflı məlumat üçün [email protected] ünvanına yazmaq xahiş olunur.

