Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi ilə “Türk bərpa və konservasiya laboratoriyaları şəbəkəsi” beynəlxalq təcrübə mübadiləsi proqramı keçirilib. Azərbaycanı bu tədbirdə Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun nümayəndə heyəti təmsil edib. İnstitutun adından tədbirə aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli qatılıb.
Bu barədə “Tehsil365"ə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Ankara və İstanbul şəhərlərini əhatə edən layihənin əsas məqsədi arxeometriya, maddi-mədəni abidələrin bərpası, mühafizəsi və sualtı arxeologiya sahələrində Türkiyənin qabaqcıl texniki təcrübəsini iştirakçı ölkələrlə bölüşmək, türk irsinin birgə qorunması istiqamətində əməkdaşlığı genişləndirmək olub.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Türkmənistandan olan ekspertlər və tədqiqatçı-alimlər Ankara Regional Bərpa Laboratoriyası, ODTÜ Fotogrammetriya Laboratoriyası, İstanbul Universitetinin Batmış Gəmilərin Tədqiqi Laboratoriyası və TÜBİTAK-MAM kimi mühüm elmi mərkəzlərin fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbirin bağlanış mərasimi Ümraniyədəki tarixi Həkimbaşı Ov Köşkündə keçirilib. Mərasimdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Dünyası Fondunun sədri Nabi Avcı və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgı iştirak ediblər. Aktotı Raimkulova çıxışında laboratoriyaların mədəni yaddaşın qorunmasındakı rolunu vurğulayaraq, bu proqramın peşəkar əməkdaşlıq üçün dayanıqlı platforma yaratdığını bildirib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

