Şəki şəhər Heydər Əliyev Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Qloballaşma dövründə ana dili: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
ADPU-dan “Tehsil365"ə bildirilib ki, tədbir ana dilinin qorunması, inkişafı və qloballaşma şəraitində qarşıya çıxan problemlərin elmi müstəvidə müzakirəsi məqsədilə təşkil olunub.
Konfransda “Azərbaycan dilinin dövlət dili kimi inkişaf mərhələləri”, “Gənclərdə ana dilinə bağlılığın formalaşmasında ədəbi nümunələrin rolu”, “Qloballaşma şəraitində ana dilinin qorunması problemləri”, “Sosial şəbəkələrdə dil norması və dil etikası” mövzusunda məruzələr dinlənilib.
Məruzələrdə vurğulanıb ki, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət milli-mədəni inkişafın əsas sütunlarından biridir.
Çıxış edənlər təhsil müəssisələrində ana dilinin tədrisinin keyfiyyətinin artırılmasının, gənclər arasında nitq mədəniyyətinin formalaşdırılmasının və rəqəmsal mühitdə dil normalarına riayət olunmasının vacibliyini qeyd ediblər. Eyni zamanda, qloballaşmanın yaratdığı yeni terminoloji axının dilə təsiri, dilin informasiya texnologiyaları mühitində qorunması və zənginləşdirilməsi məsələləri geniş müzakirə olunub.
Sonda “Heydər Əliyev və ana dili” adlı videoçarx nümayiş olunub. Videoçarxda Ulu Öndərin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət, bu sahədə qəbul olunan mühüm qərarlar və dilimizin dövlət səviyyəsində nüfuzunun artırılması istiqamətində görülən işlər əksini tapıb.

