Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Azərbaycan dili - Açıq dərslər” layihəsinə başlanılıb. Layihənin ilk qonağı BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev olub.
“Tehsil365” bildirir ki, bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
İnteraktiv müzakirə ilə başlayan görüşdə BDU-nun prorektoru Əliş Ağamirzəyev bildirib ki, dil millətin varlığının saxlanılması baxımından əsas vasitədir: “Günümüzdə dilin saflığının qorunması prioritetə çevrilib. Prezident İlham Əliyevin ötən il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında və bu il yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi ilə bağlı verdiyi istiqamətlər, söylədiyi fikirlər məsələnin mahiyyətini bir daha ortaya qoymaqla bərabər, dilimizə olan yüksək diqqətin təzahürüdür. Azərbaycanın böyük mütəfəkkirləri, ziyalıları dilimizin xalq arasında geniş yayılmasında və ana dilli əsərlərin yaranmasında böyük xidmətlər göstəriblər. Keçmiş ittifaq dövründə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili haqqında maddənin konstitusiyaya əlavə edilməsi də dilə olan xüsusi münasibətin göstəricisi idi. Günümüzdə də bu siyasət uğurla davam etdirilir”.
Əliş Ağamirzəyev qeyd edib ki, dilin saflığının qorunması hər bir vətəndaşın borcudur: “Hazırda ictimaiyyətdə ana dilimizin istifadəsi heç də ürəkaçan deyil. Burda müxtəlif amillər rol oynayır. Bunlardan biri də mediadır. Məsələn, televiziyalarda dilimizlə bağlı ciddi səhvlərə yer verilir ki, bu da izləyicilərə şüuraltı təsir edir. Qeyd olunan məsələləri nəzərə aldıqda problemin həlli üçün kompleks yanaşmaya ehtiyac var. Yad kəlmələri dilimizə qoşmaqdansa, ana dilimizin geniş imkanlarından istifadə edərək nitqimizin səmərəliliyini artırmalıyıq. Bizə, sizə - gənclərə ötürülən bu dili qorumaq hər birimizin əsas borcudur”.
Görüş sual-cavab sessiyası ilə davam edib.

