Bakı Dövlət Universiteti (BDU) və “Grand-Agro İnvitro” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, BDU-dan bildirilib ki, imzalanma mərasimində çıxış edən rektor Elçin Babayev elm və təhsilin sənaye və bizneslə əlaqələndirilməsinin, dövlət-özəl tərəfdaşlığının, elmi nəticələrin kommersiyalaşdırılmasının BDU-nun əsas hədəflərindən olduğunu söyləyib. O, əməkdaşlıq müqaviləsinin hər iki qurum üçün faydalı olacağına əminliyini bildirib.
“Grand-Agro İnvitro” MMC-nin rəhbəri Ramil Əzməmmədov isə BDU ilə birgə əməkdaşlığın həm elmi, həm praktik nəticələr verəcəyini qeyd edib.
Memorandum çərçivəsində tərəflər tədqiqat və inkişaf layihələri hazırlayaraq icra edəcək, elmi potensialın səmərəli reallaşdırılmasına yönəlmiş qarşılıqlı təşəbbüsləri dəstəkləyəcəklər. Tələbələrin əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və səriştələrlə təmin olunması, praktiki vərdişlərinin inkişaf etdirilməsi, elmi-tədqiqat layihələrinə cəlb olunması, tələbələrin ixtisas istiqamətləri üzrə təcrübə proqramlarının təşkili, elmi-tədqiqat laboratoriyalarının maddi-texniki bazasının genişləndirilməsi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, akademik və sənaye tərəfdaşlığı çərçivəsində innovativ məzmunlu layihələrin hazırlanması və icrası da memorandumda əks olunub.
Memorandumu BDU rektoru Elçin Babayev və “Grand-Agro İnvitro” MMC-nin rəhbəri Ramil Əzməmmədov imzalayıblar.

