Türkiyənin “Final” təhsil müəssisələri şəbəkəsi və “Final” Beynəlxalq Universiteti Azərbaycan üçün peşəkar kadrların hazırlanmasına öz töhfəsini verməyə çalışır.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Türkiyənin Prezident Administrasiyası yanında Təhsil və təlim siyasəti şurasının üzvü, “Final” təhsil strukturlarının idarə heyətinin sədri, “Final” Beynəlxalq Universitetinin qəyyumlar şurası sədrinin müavini İbrahim Taşel danışıb.
Onun sözlərinə görə, “Final” təhsil müəssisələri Türkiyədə 1980-ci ildən fəaliyyət göstərir və indiyədək bu məktəblərin, liseylərin və hazırlıq kurslarının imkanlarından 5 milyon 320 min Türkiyə vətəndaşı yararlanıb.
“Hazırda 68-i Ankarada olmaqla, 500 “Final” təhsil müəssisəsi bütün yaş qruplarından olan uşaqlara və yeniyetmələrə təhsil xidmətləri göstərməkdə davam edir. Türkiyənin ən uğurlu TOP-1000 şagirdinin orta hesabla 37 faizi “Final” təhsil şəbəkəsinin məzunlarıdır ki, bu da özlüyündə təhsilin səviyyəsindən xəbər verir”, – deyə İ.Taşel söyləyib və qeyd edib ki, “Final” şəbəkəsində orta hesabla hər altı şagirdə bir müəllim düşür.
“Universitetimiz 46 illik fəaliyyəti dövründə toplanmış təcrübəni təcəssüm edir. Türkiyə vətəndaşları Şimali Kiprin Girnə şəhərində yerləşən “Final” Beynəlxalq Universitetinə Türkiyədə seçim və imtahan əsasında qəbul olunurlar. Diplomun Türkiyədə və bir çox digər ölkələrdə tanınması ilə bağlı heç bir problem yoxdur”, – deyə o bildirib və qeyd edib ki, YÖK-lə yanaşı, “Final” Beynəlxalq Universiteti bir sıra beynəlxalq təhsil akkreditasiyaları alıb. Bu, məzunlara Avropada da məşğulluq imkanları yaradır.
Azərbaycan ilə əməkdaşlığa toxunan İ.Taşel vurğulayıb ki, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində üç qardaş ölkənin gəncləri arasında fərq qoyulmur: “Bizim üçün Azərbaycan vətəndaşlarının xüsusi dəyəri var. Mədəniyyətlərimiz və dəyərlərimiz yaxındır, bu da birinci kurs tələbələrinə tədris prosesinə və tələbə həyatına asanlıqla uyğunlaşmağa imkan verir. Bu gün “Final” Beynəlxalq Universitetində artıq onlarla azərbaycanlı tələbə təhsil alır və onların əksəriyyəti stomatologiya və mühəndislik ixtisaslarını seçib”, – deyə o bildirib. Əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə universitetdə mütəmadi olaraq Azərbaycana həsr olunmuş tədbirlər keçirilir.

