Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə müzakirə edilən məsələlər ölkənin rəqəmsal inkişaf prioritetlərini müəyyənləşdirən mühüm mərhələdir.
“Tehsil365“ AZƏRTAC- a istinadən xəbər verir ki,bu barədə AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev açıqlamasında bildirib. Akademikin sözlərinə görə, yeni rəqəmsal arxitekturanın əsas mahiyyəti rəqəmsal transformasiyanın sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsi, institusional mexanizmlərin gücləndirilməsi və dövlət idarəçiliyində kompleks islahatların aparılmasından ibarətdir. Bu yanaşma vahid strategiyanın formalaşdırılmasına və resursların daha səmərəli idarə olunmasına şərait yaradacaq.
R. Əliquliyev qeyd edib ki, fəaliyyət planı çərçivəsində enerji təhlükəsizliyi, data mərkəzlərinin inkişafı, süni intellekt texnologiyalarının geniş tətbiqi, eləcə də monitorinq və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi prioritetlər sırasındadır: “Vahid fəaliyyət planı, həmçinin informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və rəqəmsal bacarıqların inkişafına yönəlmiş proqramların hazırlanmasını da nəzərdə tutur. Plan çərçivəsində həmçinin əhalinin rəqəmsal savadlılığının artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi istiqamətində tədbirlər görüləcək”.

