Yaponiyada anonim sponsor Osaka şəhərinin yerli hakimiyyət orqanlarına milyonlarla avro dəyərində qızıl külçələr verib. Səxavətli filantrop istəyir ki, Yaponiya hakimiyyəti bu vəsaitdən köhnəlmiş su kəməri borularının təmiri üçün istifadə etsin.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, ianə edilən qızıl külçələrin çəkisi 21 kiloqramdır və onların ümumi dəyəri 560 milyon yen (3 milyon avrodan çox) təşkil edir. Osaka Su Təchizatı İdarəsi bu vəsaitin bir konkret məqsəd üçün, yəni, şəhərin köhnəlmiş su kəməri borularının təmiri məqsədilə istifadə olunacağı barədə bildiriş alıb.
“Bu, heyrətamiz məbləğdir”, – deyə Osaka meri Hideyuki Yokoyama cümə axşamı jurnalistlərə bildirib. O əlavə edib: “Köhnələn su kəməri boruları probleminin həlli əhəmiyyətli investisiyalar tələb edir, buna görə ianəyə görə sizə minnətdarlığımı ifadə etməyə bilmərəm”.
“Associated Press” agentliyinin məlumatına görə, əhalisi təxminən üç milyon nəfər olan Yaponiyanın üçüncü ən böyük şəhərinin su təchizatı sistemində cəmi bir il ərzində azı 92 sızma baş verib. Yaponiyada infrastrukturun böyük əksəriyyəti İkinci Dünya müharibəsindən sonra baş verən nəhəng iqtisadi artım dövründə inşa edilib. Osakada isə inkişaf daha əvvəl başlayıb, nəticədə həyati əhəmiyyətli infrastrukturun böyük hissəsi çox köhnəlib.
Anonim verilmiş qızıl külçələrin bu problemi birdəfəlik həll edib-etməyəcəyi məsələsi hələ ki, şübhəlidir. Ümumilikdə 259 kilometr uzunluğunda boru kəmərinin yenidən qurulması tələb olunur. AP-nin qiymətləndirməsinə görə, hər 2 kilometrin yenidən qurulmasının dəyəri təxminən 2,74 milyon avro təşkil edəcək.

