Fevralın 20-də İstanbulda Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, akademik Qara Qarayevin həyat və yaradıcılığı ilə bağlı Türkiyədə nəşr olunan kitabın təqdimatı keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən verir ki, Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) əməkdaşlığı ilə ərsəyə gələn nəşr Türk Ədəbiyyatı Vəqfində ictimaiyyətə təqdim edilib.
Əvvəl Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi anılıb.
Sonra Qara Qarayev barədə hazırlanan videoçarx nümayiş olunub.
“XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində Şərq–Qərb qarşılıqlı təsiri” kitabının müəllifi azərbaycanlı tədqiqatçı və tar ifaçısı Pərviz Musayevdir.
Mərasimdə çıxış edən müəllif bildirib ki, Qara Qarayevin əsərlərindəki Qərb–Şərq sintezi bu gün də öz aktuallığını qoruyub-saxlayır. Kitabın daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə nəşr beynəlxalq yayım evi vasitəsilə çap edilib. O, kitabın ərsəyə gəlməsində əməyi keçə hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Qara Qarayevin həyat və yaradıcılığı barədə danışıb, bəstəkarlarımızın Türkiyədə tanıdılmasının əhəmiyyətini vurğulayıb.
O, Qara Qarayev kimi bəstəkarların əsərlərinin bu gün dünya səhnələrində səsləndirilməsinin hər birimiz üçün qürur mənbəyi olduğunu qeyd edib.
TADEF-in sədr müavini Pərviz Məmmədzadə isə çıxışında Azərbaycan musiqisinin Türkiyədə tanıdılması məqsədilə ərsəyə gələn bu kitabın Türk Ədəbiyyatı Vəqfində təqdim edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Etnomusiqiçi, İstanbul Universiteti Dövlət Konservatoriyasının musiqişünaslıq bölməsinin rəhbəri, kitabın Elmi Şurasının üzvü, professor Abdulla Akat çıxışında Qara Qarayevi öz xalqına məxsus musiqinin Qərb musiqisi ilə sintezini ən gözəl şəkildə təqdim edən bəstəkarlardan biri olduğunu qeyd edib.
Əsərin redaktorlarından biri, İstanbul Universitetinin kommunikasiya fakültəsinin radio-TV-kino bölməsinin professoru Nilüfer Pembecioğlu bu kimi kitabların musiqi əsərlərimizin qorunub saxlanılması, gələcək nəsillərə və dünyaya çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Tədbir kitabın müəllifi, tarzən Pərviz Musayev və kaman ifaçısı Aytən Balaşovanın təqdimatında bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, müəllifin magistratura elmi işi əsasında hazırlanan nəşrdə XX əsr Azərbaycan musiqisi, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Qara Qarayevin zəngin həyat və yaradıcılıq yolu elmi-tədqiqat müstəvisində təqdim olunur.
Kitabda bəstəkarın “Don Kixot” simfonik qravürləri, “Yeddi Gözəl”, “İldırımlı Yollarda” baletləri və Üçüncü simfoniyası ümumi şəkildə təhlil edilib.
Əsərin müəllifi soydaşımız Pərviz Musayev bakalavr təhsilini Azərbaycan Milli Konservatoriyasında, magistratura təhsilini isə İstanbul Universiteti Konservatoriyasında alıb. Türkiyədə Azərbaycan musiqisini təmsil edən tarzən hazırda Qazi Universitetində doktorantura təhsilini davam etdirir.

