AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda oktyabrın 9-da Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin (1901) yaradılmasının 125 illiyinə həsr olunmuş “Azərbaycan qadını elmdə: nailiyyətlər və yeni çağırışlar” mövzusunda respublika elmi konfransı keçiriləcək.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, konfrans ölkənin müxtəlif ali təhsil müəssisələri və elmi-tədqiqat qurumlarından alim və tədqiqatçıları bir araya gətirəcək. Tədbirdə iştirak etmək istəyənlər məruzələrin tam mətnini mayın 31-dək təqdim etməlidirlər. Qəbul olunan materiallarla bağlı məlumat isə iyunun 15-30-da elan olunacaq. Magistrant və doktorantların məruzələri elmi rəhbərlərinin rəyi ilə birlikdə təqdim olunmalı, rəyin skan edilmiş variantı da sənədlərə əlavə edilməlidir.
Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir.
Konfrans çərçivəsində Tağıyevin qızlar məktəbinin tarixi və məzunları, Azərbaycan qadınının elmi fəaliyyəti və nailiyyətləri, müasir dövrdə qarşıya çıxan elmi çağırışlar, əlyazmaşünas qadın tədqiqatçılar, klassik mənbələrdə görkəmli qadın şəxsiyyətləri, ədəbiyyatda qadın obrazı, qadınların təhsil və ictimai fəaliyyətdə rolu, elmdə gender bərabərliyi kimi mövzular üzrə məruzələrin təqdim olunması nəzərdə tutulur.

