Bu gün bp yeni, geniş, əhatəli hüquq kitabını ictimaiyyətə təqdim edib. Bu nəşrdə məqsəd ictimai-hüquqi maarifləndirməni gücləndirmək və hüquq tələbələri, fəaliyyətdə olan hüquqşünaslar və bu sahənin müəllimləri üçün yüksəkkeyfiyyətli akademik resursları daha da genişləndirməkdir.
“Tehsil365” xəbər verir ki, “Vəkillik fəaliyyəti” adlı kitabın əsas məqsədi vəkilliyin mahiyyəti və funksiyaları barədə aydın, strukturlu və əlçatan bilgilər təqdim etməklə cəmiyyətin hüquq mədəniyyətini gücləndirməkdir.
Nəzəri, tarixi və praktiki yanaşmaları bir araya gətirən bu kitab daha məlumatlı hüquq icmasının formalaşmasına dəstək olmağı və gələcək hüquqşünasların və hüquq mütəxəssislərinin hazırlanmasına töhfə verməyi hədəfləyir.
Bu məqsədə uyğun olaraq gözlənilir ki, kitab hüquq tələbələri, hüquq işçiləri, hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də etibarlı hüquqi mənbəyə müraciət etmək istəyən hər kəs üçün dəyərli bir dərslik və istinad mənbəyi olacaq.
“Cəmiyyətin hüquq mədəniyyətinin möhkəmləndirilməsinə və gələcək nəsil hüquqşünasların yetişdirilməsinə töhfə verəcək bir nəşrə dəstək göstərməkdən məmnunuq. Bu elə bir nəşrdir ki, bütün hüquq icmasına dəstək ola biləcək bilik və təcrübəni özündə birləşdirir - ondan həm tələbələr, həm də bu sahədə çalışan mütəxəssislər və müəllimlər öz gündəlik fəaliyyətlərində faydalanacaq. İnanırıq ki, bu kitabı universitetlərə və hüquq institutlarına təqdim etməklə, çox əhəmiyyətli bir bilik bazasını bütün müvafiq auditoriyalar üçün əlçatan etmiş oluruq. Ümidvarıq ki, bu nəşr hüquq sahəsində çalışan hər bir kəs üçün dəyərli istinad mənbəyi olacaq”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
528 səhifəlik kitabda vəkillik həm peşəkar fəaliyyət sahəsi, həm də vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi təhlil edilir. Nəşrdə vəkilliyin əsasları, məqsədləri və prinsipləri ətraflı əhatə olunur, peşənin tarixi inkişaf mərhələləri izlənilir və nəzəri əsasları ayrıca bir tədqiqat sahəsi kimi müzakirə olunur. Müqayisəli bölmələrdə xarici ölkələrdə vəkilliyin təşkili təhlil olunur, digər fəsillərdə isə müdafiə hüququnun əsasını təşkil edən beynəlxalq hüquq prinsipləri və vəkillərin qlobal miqyasda fəaliyyətini istiqamətləndirən normalar izah edilir.
Kitabın əsas bölmələrindən biri Azərbaycanda vəkillik peşəsinin strukturu və hüquqi tənzimlənməsinə həsr olunub. Bu bölmədə hüquq məsləhətinin bir ictimai xidmət sahəsi kimi rolu, pulsuz hüquqi dəstəyin normativləri və çətinlikləri, vəkillərin hüquq və vəzifələri, peşə etikası və məxfilik prinsipləri, habelə vəkillərin hüquqi statusu ətraflı şəkildə təqdim olunur. Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli və başqaları çıxış edərək kitabın məziyyətləri haqqında danışıblar.

