Süni intellektdən istifadə edən ölkələrin demək olar əksəriyyətində biz konkret nümunə çəkə bilmirik ki, bilavasitə məhkəmə qərarı süni intellekt tərəfindən verilsin və süni intellekt məhkəmə qərarını əvəz etsin. Süni intellekt tərəfindən qərarların mahiyyəti üzrə qəbul edilməsi istənilən halda məhkəməyə müraciət edən tərəflərin ədalətli mühakimə hüququnun pozulması ilə nəticələnə bilər.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində "Rəqəmsallaşma və süni intellektin tətbiqi imkanları" adlı panel müzakirəsi zamanı səsləndirib.
"Avtomatlaşdırılmış proseslərə münasibətdə süni intellekt müsbət nəticə verə bilər. Konkret halda, məsələn heç bir mübahisəli hal olmayan əmr icraatında, sadələşmiş icraatlarda süni intellekt təcrübədən çıxış edərək kiçik nəticələr verərək məhkəmənin işinə töhfə verə bilər. Amma insan taleyini həll edən qərarların süni intellektə həvalə edilməsi böyük təhlükə ilə nəticələnə bilər. Ən azı ona görə ki, bu qərarlar dövlət adından çıxarılır. Fəaliyyətimiz dövlətin suveren funksiyalarının reallaşması istiqamətində qurulub. Alqoritm tərəfindən dövlətin suveren fəaliyyətinin həyata keçirilməsi, qərar qəbul edilməsi kimi məsuliyyətli məsələnin həvalə edilməsi düşünürəm ki, ciddi nəticələr törədə bilər. Süni intellekt heç bir məsuliyyət daşımır. Süni intellekt bu gün məhkəmə icraatının daha effektiv şəkildə işləməsi, texnik işlərdən azad edilmiş ədalət mühakiməsinin təmini üçün yararlı şəkildə istifadə oluna bilər", - deyə kollegiya sədri vurğulayıb.

