20 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində fəaliyyətini başa çatdıran bir qrup könüllüyə sertifikat təqdim olunub.
“Tehsil365" xəbər verir ki, görüş zamanı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə könüllülük proqramını uğurla başa vuran gəncləri səmimi qəlbdən təbrik edib, onların təşəbbüskarlığını və məsuliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, könüllülərin fəaliyyət dövründə qazandıqları təcrübənin gələcək karyera yollarında mühüm rol oynayacağını vurğulayıb.
Sədr çıxışında real iş mühitində əldə olunan praktiki bilik və bacarıqların əhəmiyyətindən danışaraq, gənclərə daim öz üzərində işləməyi, düzgün planlaşdırma aparmağı tövsiyə edib.
Daha sonra könüllülər çıxış edərək proqram çərçivəsində onlar üçün yaradılmış əlverişli şəraitə görə təşəkkürlərini ifadə ediblər. Onlar qeyd ediblər ki, fəaliyyət müddətində qazandıqları praktiki bilik və bacarıqlar, komanda ilə işləmək təcrübəsi və real iş prosesində iştirak imkanları onların peşəkar formalaşmasında mühüm rol oynayır.
Tədbirin sonunda 180 könüllüyə müvafiq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi könüllülər layihəsinə 2024-cü il noyabr ayından start verib.
Müəyyən seçim mərhələlərini uğurla başa vuran könüllülər Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə və öz istəklərinə uyğun İmtahanların təşkili və idarəedilməsi, Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar, E-imtahanlar və müsahibələrin təşkili, Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş, İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentlərində, həmçinin İnsan resurslarının idarə edilməsi şöbəsində müxtəlif proseslərə cəlb edilirlər.
Bu layihənin əsas məqsədi gənclərin peşəkar vərdişlərinin formalaşmasına dəstək vermək, onları Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə yaxından tanış etmək və gələcəkdə karyera planlamasına təkan verməkdir.
Qeyd edək ki, fevral ayının sonundan etibarən müraciət etmiş yeni könüllülər fəaliyyətə başlayacaqlar.

