Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və Texnologiyaların Transferi Ofisi (TTO) şöbəsinin təşkilatçılığı ilə TEKNOFEST 2026-ya həsr olunmuş infosessiyası keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdə TEKNOFEST Azərbaycan nümayəndəsi Ahmet Köse festivalın beynəlxalq miqyası, gənclər üçün yaratdığı imkanlar və innovativ layihələrin dəstəklənməsi mexanizmləri barədə təqdimatla çıxış edib.Tədbirdə yarışın müxtəlif kateqoriyaları üzrə istiqamətlər – aviasiya və kosmik texnologiyalar, süni intellekt, robototexnika, pilotsuz uçuş aparatları, proqramlaşdırma və digər texnoloji sahələr barədə iştirakçılara geniş məlumat verilib. Hər bir istiqamət üzrə texniki tələblər, qiymətləndirmə meyarları və mərhələli seçim prosesi i diqqətə çatdırılıb.
Eyni zamanda, qeydiyyat forması, müraciət qaydaları və son tarixlər barədə praktiki izahlar təqdim olunub, komanda formalaşdırılması və layihələrin hazırlanması ilə bağlı tövsiyələr səsləndirilib. Startup və Texnologiyaların Transferi Ofisi (TTO) şöbəsinin əməkdaşları həmçinin tələbələrə layihələrin kommersiyalaşdırılması və mentor dəstəyi imkanları haqqında da məlumat veriblər.
Sessiya interaktiv müzakirə formatında davam edib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Xüsusilə seçim mərhələləri, final mərhələsinə vəsiqə qazanma prosesi və beynəlxalq iştirak imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, infosessiyanın əsas məqsədi iştirakçıları TEKNOFEST festivalının 2026-cı il üzrə proqramı, yarış qaydaları və qeydiyyat prosesi barədə ətraflı məlumatlandırmaq olub

