Uşaqlar sürətlə böyüyür və inkişaf edir. Bir çox problem isə ilk mərhələdə heç bir əlamət verməyə bilər. Profilaktik analiz və müayinələr xəstəlik axtarmaq üçün deyil, sağlamlığı qorumaq və riskləri erkən aşkar etmək üçündür. Bəs kiçik və məktəbyaşlı uşaqların sağlamlığını qorumaq üçün hansı analizlərin verilməsi tövsiyə olunur?
“Tehsil365“ Metbuat.az-a istinadən xəbər verir ki, Pediatr Elşən Tağıyev açıqlamasında bildirib ki, 0–12 ay körpəlik dövrü uşağın ən sürətli inkişaf mərhələsi hesab olunur:
“Bu mərhələdə çəki artımı, boy, baş çevrəsi ilə yanaşı nevroloji inkişaf mütəmadi izlənməlidir. Bu yaşda aylıq pediatr müayinəsi vacibdir, 6 və 12 aylıqda ümumi qan analizi verilməsi anemiyanın erkən aşkarlanmasına kömək edir, risk hallarında D vitamini səviyyəsi yoxlanıla, göstəriş olduqda sidik analizi aparıla bilər. Həmçinin ilk aylarda bud-çanaq USM müayinəsi kalça displaziyasının vaxtında aşkarlanması üçün, eşitmə və görmə skrininqləri isə duyğu orqanlarının sağlam inkişafı üçün əhəmiyyətlidir və bu dövrdə peyvənd təqviminə riayət olunması xüsusi önəm daşıyır”.
Həkimin sözlərinə görə, 1–3 yaş dövründə uşağın immun sistemi formalaşır və bağçaya başlayan uşaqlarda infeksiyalara meyillilik artır:
“Bu səbəbdən ildə bir dəfə ümumi qan analizi verilməsi tövsiyə olunur, risk olduqda ferritin göstəricisinə baxılır, bağça uşaqlarında göstəriş olarsa parazitoloji müayinə aparılır, tez-tez səpgilər, xırıltı və ya rinit müşahidə edilərsə, allergiya testləri məsləhət görülür. Eyni zamanda boy-çəki indeksinin izlənməsi və nitq-psixomotor inkişafın pediatr tərəfindən qiymətləndirilməsi vacib sayılır”.
E.Tağıyev vurğulayıb ki, 4–6 yaş məktəbəqədər dövr olduğundan bu mərhələdə görmə və eşitmə problemlərinin vaxtında aşkarlanması əsas prioritetlərdəndir:
“Bu yaş qrupunda ümumi qan və sidik analizləri, görmə müayinəsi, eşitmə testi və stomatoloji baxış tövsiyə olunur, risk olduqda isə D vitamini və dəmir səviyyəsi yoxlanıla bilər. Bu yaş dövründə allergik rinit və adenoid problemlərinə daha çox rast gəlinir. 7–12 yaş aralığında uşaqlarda isə akademik yük artır və hormonal dəyişikliklər başlayır. Bu səbəbdən ildə bir dəfə ümumi qan analizi verilməsi, risk qrupunda olan uşaqlarda qan şəkərinin yoxlanılması, ailəvi risk və ya klinik əlamətlər olduqda qalxanabənzər vəz hormonlarının müayinəsi, həmçinin skolioz skrininqi aparılması tövsiyə edilir. Müntəzəm görmə və diş müayinələri də vacibdir, piylənmə riski olan uşaqlarda isə lipid profili və qaraciyər göstəriciləri yoxlanıla bilər”.
Pediatr valideynlərə tövsiyə edib ki, uşağın heç bir şikayəti olmasa belə, ildə azı bir dəfə pediatr müayinəsi planlaşdırsınlar, ailə tarixçəsini nəzərə alsınlar, analizləri yalnız həkim məsləhəti ilə versinlər, nəticələri saxlayıb əvvəlkilərlə müqayisə etsinlər və uşağın qidalanmasına, yuxusuna, fiziki aktivliyinə daim diqqət yetirsinlər.

