Bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Məşədi oğlu Mirzəzadənin anım günüdür.
"Tehsil365" xəbər verir ki, 21 fevral 1921-ci ildə Bakıda anadan olan sənətkar uzun illər Azərbaycan boyakarlıq məktəbinin inkişafına mühüm töhfələr verib. O, yalnız istedadlı boyakar kimi deyil, həm də peşəkar teatr rəssamı kimi tanınıb. Yaradıcılığı dövrün ictimai-siyasi hadisələrini, insan xarakterlərini və milli koloritin incə çalarlarını əks etdirən əsərlərlə zəngindir.
1967-ci ildə Böyükağa Mirzəzadəyə “Azərbaycan SSR xalq rəssamı” fəxri adı verilib. Onun əsərləri respublikanın aparıcı muzey və qalereyalarında, həmçinin şəxsi kolleksiyalarda qorunur.
Sənətkar 3 noyabr 2007-ci ildə Bakıda vəfat edib. Böyükağa Mirzəzadənin zəngin yaradıcılıq irsi bu gün də Azərbaycan incəsənətinin dəyərli səhifələrindən biri kimi yaşayır və yeni nəsil rəssamlar üçün ilham mənbəyi olaraq qalır.

