Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə milli mədəniyyət tarixində özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən sənətkarlardandır.
"Tehsil365" xəbər verir ki, 21 fevral 1921-ci ildə Xızıda (keçmiş Quba qəzası) anadan olan rəssam uzun illər ərzində Azərbaycan təsviri sənətinin inkişafına mühüm töhfələr verib. Onun əsərləri dərin fəlsəfi məzmunu, obrazların psixoloji dolğunluğu və milli koloritin incə ifadəsi ilə diqqət çəkir.
1992-ci ildə ona “Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adı verilib. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkar 2014-cü ildə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülüb.
Oqtay Sadıqzadə 20 dekabr 2014-cü ildə Bakıda vəfat edib. Onun zəngin irsi bu gün də muzeylərdə, sərgi salonlarında və şəxsi kolleksiyalarda qorunur, Azərbaycan incəsənətinin qızıl fonduna daxil olan dəyərli nümunələr kimi yüksək qiymətləndirilir.

