Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış violonçel ifaçısı, professor Rasi Mahmud oğlu Abdullayev 26 noyabr 2024-cü ildə vəfat edib.
"Tehsil365" xəbər verir ki, 6 iyul 1944-cü ildə Bakıda anadan olan sənətkar uzun illər Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfə verib. O, həm solo ifaçı, həm də pedaqoq kimi fəaliyyət göstərərək milli violonçel ifaçılığı məktəbinin formalaşmasında mühüm rol oynayıb.
1999-cu ildə professor elmi adına layiq görülən Rasi Abdullayev 2005-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adı ilə təltif olunub. Onun yetirmələri bu gün ölkənin və xarici ölkələrin müxtəlif səhnələrində uğurla çıxış edirlər.
Rasi Abdullayevin zəngin yaradıcılıq irsi və pedaqoji fəaliyyəti Azərbaycan musiqi tarixində silinməz iz qoyub. Sənətkarın xatirəsi həmkarlarının, tələbələrinin və sənətsevərlərin qəlbində daim yaşayacaq.

