Təhsil eksperti Ramin Nurəliyev abituriyentlərin ixtisas seçimi prosesində buraxdıqları ciddi səhvlərə diqqət çəkib.
Ekspert “Tehsil365“ə verdiyi açıqlamada bildirib ki, əvvəlki illərin keçid ballarına əsaslanaraq seçim etmək, statistik analiz aparmadan kor-koranə qərar vermək çox zaman uğursuz nəticələrə gətirib çıxarır. Onun sözlərinə görə, bu yanaşma hər il yüzlərlə gəncin ali təhsil arzularının puç olmasına səbəb olur.
Nurəliyev qeyd edib ki, son qəbul ilində hətta 600-dən yuxarı bal toplayan bir çox abituriyent düzgün istiqamətlənmədiyi üçün ali məktəblərə qəbul ola bilməyib. Bu hal artıq ənənəvi olaraq hər il təkrarlanır və abituriyentlərin gələcək planlarını ciddi şəkildə zədələyir.
Ekspertin sözlərinə görə, problem yalnız keçid ballarına kor-koranə güvənməkdə deyil, həm də sosial şəbəkələrdə təcrübəsiz şəxslərin saxta məsləhətlərinə inanmaqda özünü göstərir: "Bəzi abituriyentlər TikTok və digər platformalarda özünü ekspert kimi təqdim edən, lakin işin yalnız texniki tərəfini bilən şəxslərə inanır. Onlar dərinliklərdən xəbərsizdir, amma minlərlə gənci öz ətrafına toplayaraq valideynlərə və şagirdlərə ciddi zərbə vururlar."
Nurəliyev əlavə edib ki, bəzi “TikTok ekspertləri” ixtisas seçimi dövründə yüzlərlə, hətta minlərlə abituriyenti qeydiyyata alaraq ödəniş toplayır. Lakin real seçim prosesində bu qədər insana keyfiyyətli dəstək göstərmək mümkün deyil. Valideynlər övladlarının seçimlərini tanımadıqları şəxslərə etibar etməklə riskə gedirlər.
Ekspert bu vəziyyəti “təhsil bazarında fəlakətli tendensiya” adlandıraraq vurğulayıb ki, ixtisas seçimi biznesə çevrilib və bu, abituriyentlərin gələcəyinə ciddi zərbə vurur. Onun fikrincə, valideynlər və abituriyentlər yalnız rəsmi mənbələrə, peşəkar təhsil mütəxəssislərinin tövsiyələrinə güvənməlidirlər.
Nurəliyev xəbərdarlıq edib ki, düzgün ixtisas seçimi yalnız keçid ballarının deyil, həm də əmək bazarının tələblərinin, şəxsi maraqların və qabiliyyətlərin balanslı şəkildə nəzərə alınması ilə mümkündür. Əks halda, gənclər illərlə hazırlaşdıqları imtahan nəticələrini yanlış seçimlə itirə bilərlər.

