Azərbaycan elminin parlaq simalarından biri, görkəmli şərqşünas və tarixçi Ziya Musa oğlu Bünyadov zəngin elmi və ictimai fəaliyyəti ilə ölkə tarixində mühüm yer tutur.
"Tehsil365" xəbər verir ki, 24 dekabr 1921-ci ildə Astara (Lənkəran qəzası) şəhərində anadan olan Ziya Bünyadov həm İkinci Dünya müharibəsi illərində göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, həm də sonrakı dövrdə elmi fəaliyyəti ilə böyük nüfuz qazanmışdır. O, Azərbaycan tarixinin müxtəlif dövrlərinə, xüsusilə orta əsrlər tarixinə dair fundamental tədqiqatların müəllifi kimi tanınır.
Alim Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi fəxri adlarına layiq görülmüş, uzun illər Azərbaycan elminin inkişafına xidmət etmişdir. Onun araşdırmaları mənbəşünaslıq və Şərq xalqlarının tarixi sahəsində mühüm elmi yeniliklərlə yadda qalıb.
Ziya Bünyadov 21 fevral 1997-ci ildə Bakıda vəfat edib. Onun elmi irsi bu gün də tarixşünaslıq sahəsində əsas istinad mənbələrindən biri kimi dəyərləndirilir və xatirəsi ehtiramla yad olunur.

