Mədəniyyət nazirinin müavini Murad Hüseynov Avstriyaya səfəri çərçivəsində Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımovanın iştirakı ilə Vyana Kamera Orkestrinin icraçı direktoru, Avstriyanın aparıcı beynəlxalq “Buchmann GmbH” incəsənət agentliyinin rəhbəri Xristian Buxman arasında görüş keçirilib.
“Tehsil365" xəbər verir ki, görüşdə klassik musiqi sahəsində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan bəstəkarlarının əsərlərinin Avropada səsləndirilməsi, eləcə də hər iki ölkədən musiqiçilərin müvafiq olaraq digər ölkədə layihələrdə iştirakından bəhs olunub.
Beynəlxalq müsabiqələr laureatı, Xalq artisti Murad Hüseynov həm mədəniyyət sahəsində idarəetmə ilə bağlı, həm də peşəkar musiqiçi kimi öz fikirlərini bölüşüb, görkəmli musiqi xadimlərinin əsərləri və yaradıcılığının təbliği istiqamətində maraq doğuran layihələri qeyd edib.
Avstriyada və dünyanın müxtəlif ölkələrində hər il yüzdən artıq konsertlə çıxış edən orkestrin rəhbəri Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə həyata keçirilən uğurlu layihələri qeyd edib və gələcəkdə də Azərbaycan mövzusunda layihələrdə iştirakda maraqlı olduqlarını ifadə edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan“ operettasının ötən il Vyanada alman dilində müasir quruluşda təqdimatı barədə məlumat verib. Tərəflər layihənin almandilli məkanda yenidən səhnəyə qoyulması barədə fikir mübadiləsi aparıblar.

