Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov Avstriyaya səfəri çərçivəsində Vyana Konservatoriyasının beynəlxalq əlaqələr və incəsənət üzrə prorektoru, tanınmış musiqi xadimi və pedaqoq Yohannes Mayssl ilə görüşüb. Görüşdə, həmçinin Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və bu ali təhsil ocağının dosenti, caz ifaçısı Markus Qayzelhart da iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, görüş zamanı hər iki ölkənin musiqi və incəsənət üzrə ali təhsil ocaqları arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər universitetlər arasında tərəfdaşlıq əlaqələrinin qurulması, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, birgə konsert layihələrinin həyata keçirilməsi və akademik əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Murad Hüseynov Azərbaycan ilə Avstriya arasında musiqi sahəsində mövcud ənənəvi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu kimi görüşlərin gələcək birgə təşəbbüslər üçün mühüm zəmin yaradacağına ümidvar olduğunu bildirib.
Görüşdə mədəni dialoqun və beynəlxalq musiqi əməkdaşlığının gücləndirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.
Sonra Azərbaycan nümayəndə heyətinə, həmçinin universitetin auditoriyaları, musiqi alətləri və texniki imkanları nümayiş etdirilib

