San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları fiziki aktivliyin nə üçün təfəkkür və yaddaşı yaxşılaşdırdığını izah edən bioloji mexanizm aşkarlayıblar.
“Tehsil365" xəbər verir ki, müvafiq tədqiqatın nəticələri "Cell" jurnalında dərc olunub.
Məlum olub ki, məşqlər beynin təbii müdafiə sistemini möhkəmləndirərək ona yaşla bağlı zədələnmələrə müqavimət göstərməyə kömək edir. Yaşlaşdıqca hematoensefalik baryer (HEB) - beyni qandakı zərərli maddələrdən qoruyan sıx qan damarları şəbəkəsi daha kövrək və "keçirici" olur. Bu, zədələyici birləşmələrin beyin toxumasına nüfuz etməsinə şərait yaradaraq koqnitiv tənəzzül və Altshaymer xəstəliyi ilə bağlı iltihaba səbəb olur.
Əvvəllər alimlər müşahidə etmişdilər ki, məşq edən siçanların qaraciyərində beyni cavanlaşdıran, lakin özü HEB-dən keçə bilməyən "GPLD1" fermenti daha çox istehsal olunur. Yeni tədqiqat bu paradoksu aşkar edib. Məlum olub ki, "GPLD1" digər bir zülala - "TNAP"a təsir edir. Yaşla bağlı olaraq "TNAP" HEB hüceyrələrində toplanaraq baryeri zəiflədir. Siçanlar məşq etdikdə onların qaraciyəri qan dövranına "GPLD1" ifraz edir. Bu ferment beyin damarlarına çatır və "TNAP" zülalını hüceyrə səthindən "kəsir", bununla da baryerin bütövlüyünü bərpa edir.
Eksperimentlər "TNAP"nin əsas rolunu təsdiqləyib. HEB-də artıq miqdarda "TNAP" istehsalı üçün genetik modifikasiya olunmuş gənc siçanlarda yaşlı heyvanlarda olduğu kimi, yaddaş problemləri müşahidə edilib. Alimlər iki yaşlı siçanlarda (70 insan yaşına bərabər) "TNAP" səviyyəsini azaltdıqda isə baryer daha az keçirici olub, iltihab azalıb və heyvanlar yaddaş testlərini daha yaxşı yerinə yetiriblər.
Kəşf ehtimal edir ki, "TNAP" kimi zülalları "budamağa" qadir olan dərmanların hazırlanması, hətta yaşla bağlı zəifləmədən sonra belə HEB-nin bərpası üçün yeni strategiya ola bilər.

