AMEA Folklor İnstitutu və Bakı şəhəri Səbail rayonu Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyin birgə təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli kimliyimizdir!” mövzusunda tədbir keçirilib.
İnstitutdan ”Tehsil365"ə bildirilib ki, 2 nömrəli texniki-humanitar liseyin direktoru Elvin Aslanlı ana dilinin insanın düşüncə tərzinin, dünyagörüşünün və milli kimliyinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, dilin saflığının qorunması, inkişaf etdirilməsi hər bir vətəndaşın borcudur.
AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Dil milli xarakteri təyin edən amildir” mövzusunda məruzəsində qeyd edib ki, əsrlər boyu klassiklərimiz əsərlərində ana dilini əcnəbi dillərə məxsus ifadələrdən, tərkiblərdən təmizləmək sahəsində fədakarlıq, həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Bildirib ki, bədii dildə ümumxalq dilinin və milli ruhun duyulması əsas şərtdir.
Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimovanın “Ana dili milli varlığımız və qürur mənbəyimizdir”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanovanın “Ana dili folklor yaddaşının semantik daşıyıcısı kimi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Nağılların dili: alleqoriya”, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilovanın “Əsrlərin yadigarı Ana dilim” mövzularında məruzələri dinlənilib. Diqqətə çatdırıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir.
Tədbirə bədii hissə ilə yekun vurulub.

