Beynəlxalq Ana Dili Günü münasibətilə doğma yurdlarına qayıdan sakinlər arasında maarifləndirici tədbir təşkil olunub
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində keçirilib.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin müavini Eldar Seyidov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Qarabağ Universitetinin Pedaqoji fakültəsinin müəllimi Zəminə Ziyayeva, həmçinin Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru çıxış ediblər.
Natiqlər Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının təbliği və gənc nəslin ana dilinə hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, ana dilimizin zənginliyinin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur. Bildirilib ki, tədbirin əsas məqsədi sakinlər arasında ana dilimizin qorunması və inkişafı istiqamətində maarifləndirmə işinin aparılması, eləcə də gənc nəslin ədəbi dil normalarına hörmət ruhunda formalaşmasına töhfə verməkdir.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarının sakinləri, ziyalıları və şagirdləri iştirak ediblər.

