Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Əliabbas Qədirovun anadan olmasının 80 illiyi münasibətilə anım tədbiri keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Dram Teatrından məlumat verilib.
Bildirilib ki, tədbirdə Xalq artistləri Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli çıxış edərək görkəmli sənətkarın Azərbaycan teatr və kino tarixində yaratdığı obrazlar haqqında danışıb, teatr sənətinin inkişafındakı xidmətlərindən bəhs ediblər.
Daha sonra Əliabbas Qədirovun xatirəsinə həsr olunan, vaxtilə sənətkarın Mirzə Fətəli Axundzadə obrazını yüksək peşəkarlıqla yaratdığı “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib.
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Xalq artistləri Əli Nur, Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, aktyorlar Rüstəm Rüstəmov və Elçin Əfəndi çıxış ediblər.

