Özbaşına dərman istifadəsi isə ciddi risklər yaradır və həyat üçün təhlükəli ola bilər.
Həkim Adil Qeybulla “Tehsil365”ə verdiyi açıqlamada insanların özbaşına dərman qəbul etməsinin təhlükəli nəticələrinə diqqət çəkib.
Onun sözlərinə görə, müalicə və diaqnostika yalnız həkimlərin səlahiyyətindədir və bu, onların peşə borcudur. Həkim tibbi nəzəri bilikləri öyrənir, praktiki vərdişlərə yiyələnir, konkret sahə üzrə mütəxəssis olur və klinik protokollar əsasında xəstələrə müalicə təyin edir.
Qeybulla bildirib ki, xüsusilə antibiotiklərin özbaşına istifadəsi çox vaxt faciəvi nəticələr doğurur: “Baxın görün, nə qədər evdə ölüm halları baş verir. Bu halların böyük əksəriyyəti xəstənin özbaşına aldığı antibiotiklərdən qaynaqlanır.” O, insanların qonşunun və ya tanışın resepti ilə müalicə olunmasını təhlükəli adət kimi qiymətləndirib və bunun ciddi risklər yaratdığını vurğulayıb.
Həkim həmçinin icbari tibbi sığortanın əsas hədəflərindən birinin insanların profilaktik müayinələrə cəlb olunması olduğunu qeyd edib. Onun fikrincə, check-up müayinələri mütəmadi olaraq nəzarət altında olmalıdır, lakin hələlik bu tendensiya tam formalaşmayıb. “Son vaxtlar insanlar həkimə getməyə alışırlar, amma bu proses sistemli xarakter daşımır,” – deyə o əlavə edib. Qeybulla parasetamol nümunəsini də misal gətirərək bildirib ki, dünyanın bir çox ölkəsində bu dərman marketlərdə satılsa da, onun təyinatı istənilən halda həkim tərəfindən olmalıdır.
Adil Qeybullanın açıqlaması bir daha göstərir ki, sağlamlığın qorunması üçün ən doğru yol həkimə müraciət etməkdir.Bu çağırış həm tibbi maarifləndirmənin gücləndirilməsinə, həm də insanların həkim nəzarətinə güvənməsinə yönəlib.

