Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov Avstriyaya səfəri çərçivəsində Zalsburq şəhərində Beynəlxalq Motsarteum Fondunun prezidenti Yohannes Honsiq-Erlenburq ilə görüşüb. Görüşdə, həmçinin Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova və Beynəlxalq Motsarteum Fondunun icraçı direktoru Linus Klumpner də iştirak ediblər.
“Tehsil365" xəbər verir ki, görüşdə Azərbaycan ilə Avstriya arasında musiqi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər birgə konsert proqramlarının təşkili, ustad dərsləri və seminarların keçirilməsi, həmçinin musiqi məktəbləri, uşaq və yeniyetmələr üçün birgə layihələrin icrası, klassik musiqi sahəsində arasında əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı dünya musiqi irsinin qorunması və təbliği məsələlərinə xüsusi diqqət yetirilib. Volfqanq Amadeus Motsartın zəngin yaradıcılıq irsinin yaşadılması istiqamətində Motsarteum Fondunun fəaliyyəti yüksək qiymətləndirilib, dünyaşöhrətli bəstəkarın əsərlərinin Azərbaycanda sevildiyini və bu istiqamətdə birgə layihələrin hazırlanmasının mümkünlüyü ifadə edilib. Eyni zamanda, Azərbaycan professional musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin irsinin beynəlxalq miqyasda təşviqinin əhəmiyyəti vurğulanıb, ötən il Vyanada dahi bəstəkarın “Arşın mal alan“ operettasının almanca müasir quruluşda musiqisevərlər tərəfindən böyük maraqla qarşılandığını nəzərə alaraq, bu qəbildən layihələrin gələcəkdə də davam etdirilməli olduğu qeyd edilib.
Murad Hüseynov bildirib ki, belə görüşlər və bu görüşlərdən meydana gələn ideya və layihələr mədəni dialoqun dərinləşdirilməsi və iki ölkə arasında musiqi sahəsində davamlı əməkdaşlığın qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüşdə gələcək konkret layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.Görüşdən sonra mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova fəxri qonaqlar qismində Beynəlxalq Motsart Müsabiqəsinin final konsertində iştirak ediblər. Klassik musiqinin təşviqi məqsədilə “Bösendorfer” şirkəti tərəfindən əsas mükafatın təqdim olunduğu müsabiqədə münsiflərin qərarı əsasında dünyanın müxtəlif ölkələrindən olan gənc pianoçular orkestrin müşayiəti ilə öz bacarıqlarını nümayiş etdiriblər.
Motsarteum Universitetinin konsert salonunda keçirilən konsertdən öncə bildirilib ki, Beynəlxalq Motsart Müsabiqəsi 50 ildən bəri Zalsburqda klassik musiqi ənənələrini yaşadan, gənc istedadları beynəlxalq səhnəyə hazırlayan nüfuzlu musiqi tədbirlərindən biridir. Bu müsabiqə hər iki ildən bir Motsarteum Universiteti tərəfindən keçirilir və ənənəvi olaraq Motsartın əsərlərinin ifası üzrə piano, skripka, vokal və ansambllar kimi müxtəlif nominasiyalarda gənc istedadlara qarşılıqlı müsabiqə imkanı yaradır.
Bu il 2026-cı il müsabiqəsində violin və piano kateqoriyaları üzrə final mərhələləri keçirilib. Skripka kateqoriyasında 20-dən çox ifaçı müxtəlif ölkələrdən qatılaraq yüksəksəviyyəli ifa nümayiş etdirib və münsiflər tərəfindən mükafatlandırılıb.
Serbiyadan gənc pianoçu Boqdan Duqaliçin qalib gəldiyi müsabiqənin final konserti Motsarteum Universiteti Akademiya Orkestrinin müşayiəti ilə baş tutub və iştirakçılar Motsartın əsərləri ilə yanaşı, çağdaş musiqi nümunələrini də ifa ediblər.

