Azərbaycanın məşhur müğənnisi, Xalq artisti Yalçın Rzazadə milli musiqi tarixində özünəməxsus yeri ilə yadda qalıb.
“Tehsil365” xəbər verir ki, 31 dekabr 1940-cı ildə Lənkəran rayonunun Boladı kəndində anadan olan sənətkar uzun illər səhnə fəaliyyəti ilə milyonlarla tamaşaçının sevgisini qazanıb.
Yalçın Rzazadə estrada və vokal ifaçılığı sahəsində böyük uğurlara imza atıb, repertuarında yer alan mahnılar Azərbaycan musiqi xəzinəsinin dəyərli nümunələrinə çevrilib. Onun güclü və özünəməxsus səs tembri, səhnə mədəniyyəti və ifa tərzi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.
Sənətkar 2000-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adına layiq görülüb, 2005-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. O, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri kimi gənc ifaçıların yetişməsində mühüm rol oynayıb.
22 fevral 2021-ci ildə Bakıda vəfat edən Yalçın Rzazadənin zəngin sənət irsi və pedaqoji fəaliyyəti Azərbaycan musiqi ictimaiyyəti tərəfindən daim ehtiramla yad olunur.

