Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş yubiley tədbirləri sadəcə növbəti elmi tədbirlər deyil, həm də tarixi yaddaşa və ortaq türk kimliyinə hörmətin simvoludur.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu fikri açıqlaması zamanı Türkiyənin Qafqaz Universitetinin (Qars şəhəri) siyasi elmlər və beynəlxalq münasibətlər bölməsinin rəhbəri, professor Elnur Həsən Mikayıl bildirib.
Onun sözlərinə görə, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində dönüş nöqtəsi olub və dil, əlifba, ədəbiyyat, eləcə də ümumi mədəni irs kimi məsələlərdə tərəqqiyə uzunmüddətli təsir göstərib.
“Bir əsr sonra Birinci Türkoloji Qurultayın iştirakçılarının irsinin yenidən Azərbaycanın gündəliyində prioritet məsələlər sırasında yer alması Bakının Türk dünyasının elmi və mədəni mərkəzi rolunu təsdiqləyir. 1926-cı ildə türkoloji qurultayın məhz Azərbaycanda keçirilməsi qərarı təsadüfi deyil. Həmin dövrdə Bakı artıq Türk dünyasının əsas fikir və mədəniyyət mərkəzlərindən biri sayılırdı. Azərbaycan alimləri türkologiyanın elmi sahə kimi formalaşması və inkişafı istiqamətində ön sırada idilər, ortaq əlifba və dil məsələlərində cəsarətli və uzaqgörən addımlar atırdılar. Türkoloji qurultayın iştirakçılarının işinin davam etdirilməsi və onların tarixi irsinin qorunması Azərbaycanın dövlət siyasətinin şüurlu seçimidir”, - deyə o vurğulayıb.
Professor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəni və elmi diplomatiya sahələrində də mühüm yüksəlişə nail olub. Onun sözlərinə görə, dövlət başçısı dəfələrlə vurğulayıb ki, ölkə regional və qlobal səviyyədə effektiv siyasət həyata keçirməlidir və bu, təkcə uğurlu enerji və iqtisadi layihələrlə deyil, həm də mədəniyyət, elm və tarixi özünüdərk vasitəsilə ifadə olunmalıdır.
Alimin sözlərinə görə, bu strateji baxışın konkret göstəricilərindən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq və Bakının türk xalqlarının ortaq tarixi və dil irsinə verdiyi əhəmiyyətdir: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Türk dünyasının mühüm mərkəzlərindən birinə çevrilib. Təhsil sahəsində birgə təşəbbüslər, elmi əməkdaşlıq və mədəni tədbirlər inteqrasiya proseslərinin institusional əsaslarını möhkəmləndirir. Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması Azərbaycanın Türk dünyasının intellektual mərkəzi kimi mövqeyini daha da gücləndirəcəyinə əminəm. Şuşanın “Türk dünyasının mədəni paytaxtı” elan edilməsi, Qarabağ regionunda həyata keçirilən genişmiqyaslı bərpa layihələri tarixi və mədəni yaddaşın bərpasına xidmət edir. Bu baxımdan qurultay həm akademik platforma, həm də mədəni diplomatiya sahəsində strateji addımdır”.
Alim bildirib ki, türkologiya yalnız dil və ədəbiyyatın öyrənilməsi ilə məhdudlaşmır, həm də tarix, antropologiya, arxeologiya, siyasi fikir tarixi və mədəniyyətin öyrənilməsi daxil olmaqla geniş elmi sahələri əhatə edir.
“Qlobal münasibətlər sisteminin yenidən formalaşdığı dövrdə Türk dünyasının ortaq dəyərlərinin elmi şəkildə öyrənilməsi və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Bakıda keçirilən yubiley tədbirləri keçmişə hörmətlə gələcəyə baxışın birləşdirildiyi platforma olacaq. Birinci Türkoloji Qurultayın iştirakçılarının fəaliyyəti bir əsr sonra türk dövlətlərinin geniş məkanında öz əksini tapır. Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycan Türk dünyasının mədəni və strateji birliyinin möhkəmləndirilməsi prosesində aparıcı rolunu davam etdirir”, - deyə ekspert əlavə edib.

