Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Bolnisi şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
“Tehsil365“ Report-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi ehtiramla yad olunub, çıxışlar edilib. Natiqlər Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmayan və ağrılı səhifəsi olduğunu vurğulayaraq, bu hadisələrin yaddaşlardan silinməməsinin vacibliyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, Xocalıdan yüksələn səs şəhidlərin ruhunun harayıdır və bu haray ədalətin bərqərar olunmasına çağırışdır.
Eyni zamanda, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən bəhs edilib, şəhidlərin qanının yerdə qalmadığı diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən foto-sərgi də təşkil olunub. Sərgidə faciənin dəhşətlərini, dinc sakinlərə qarşı törədilmiş qətliamın nəticələrini və Xocalı qurbanlarının xatirəsini əks etdirən fotolar nümayiş etdirilib. İştirakçılar sərgi ilə yaxından tanış olaraq, tarixi faktların vizual şəkildə təqdimatının xüsusilə gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov "Report"un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Xocalı unudulmayan tarixdir: "Bu, bizim qan yaddaşımızdır. Tariximizi unutmamalı, onu gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq".
Tədbir çərçivəsində Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının müəllifi olduğu "Böyüməyən uşaqlar" kitabının təqdimatı keçirilib. Anım mərasimi iştirakçıların faciə qurbanlarının xatirəsinə ehtiram ifadə etməsi ilə başa çatıb.

