Gürcüstanın Marneuli rayonundakı “Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi”ndə kənd ziyalıları, müəllimləri və mərkəzdə təhsil alan şagirdlərin iştirakı ilə “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Mənim ana dilim – mənim kimliyim” adlı tədbir keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə mərkəzin rəhbəri Samir Şərifov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilimizin qorunması, dövlət dili səviyyəsinə yüksəlməsi sahəsində xidmətlərini xatırladıb, xüsusən son illərdə Prezident İlham Əliyevin bununla bağlı sərəncamlarını xüsusi qeyd edib və yüksək qiymətləndirib.
O bildirib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu ilin noyabrında keçirilən konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
Mərkəzin Azərbaycan dili müəllimi Hümmət Əhmədov, Xocornu kənd orta məktəbinin gürcü dili müəllimi Anar Şərifov, ziyalılardan Səyyad Xəlilov çıxış edərək ana dilimizin millətin maddi-mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitə olduğunu söyləyiblər. Bildiriblər ki, ana dili insanın mənəvi aləminin, dünya görüşünün zənginləşməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynayır.
Çıxışlar zamanı, həmçinin diqqətə çatdırılıb ki, doğma Azərbaycan dili bizim keçmişimiz, bu günümüz və sabahımızdır.
Daha sonra şagirdlər vətənpərvər ruhlu şeirlər söyləyiblər.

