İstanbulda Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
“Tehsil365" xəbər verir ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə keçirilən mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, Xocalı qurbanlarının ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərin xatirələri yad edilib.
Türk Mədəniyyət Platformasının rəhbəri Metin Yıldırımın təqdimatı ilə keçirilən tədbirdə İSTAD-ın sədri Səfər Qaraqoyunlu, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Abbasov, Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev və digərləri çıxış ediblər.
Natiqlər Xocalıda dinc əhaliyə qarşı törədilən tarixin ən qanlı qətliamı barədə danışıb, ermənilər tərəfindən törədilən bu vəhşiliyin əsrlər keçsə də unudulmayacağını vurğulayıblar.
Çıxışçılar Qarabağ Zəfəri, Vətən müharibəsi dövründə Azərbaycan Ordusu, dövləti və xalqının bir yumruq kimi birləşməsi, işğaldan azad edilmiş ərizələrdə hazırda aparılan bərpa-yenidənqurma işləri barədə danışıblar.
Mərasimdə Türkiyə-Azərbaycan birliyinə də toxunulub.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət”, Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları yad edilərək, iki ölkə arasındakı bu tarixi bağların Qarabağ Zəfərinə gedən yol, Çanaqqala müharibəsi, Türkiyədə baş verən 6 fevral zəlzələləri zamanı özünü ən bariz şəkildə göstərdiyi vurğulanıb.
Tədbirdə yerli ictimaiyyətin, QHT-lərin, siyasi partiyaların nümayəndələri, Türkiyədə yaşayan azərbaycanlılar və digərləri iştirak ediblər.

