Bu gün Azərbaycan musiqili teatrının yaradıcılarından biri, Xalq artisti, görkəmli rejissor Şəmsi Bədəlbəylinin doğum günüdür. O, 1911-ci ildə anadan olub, 1986-cı ildə vəfat edib.
“Tehsil365” xəbər verir ki, Şəmsi Bədəlbəyli uzun illər Azərbaycan teatr və musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb. Sənətkar 1932–1942-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Daha sonra 1943–1949, 1956–1961 və 1963–1974-cü illərdə Musiqili Komediya Teatrında bədii rəhbər və direktor vəzifələrini icra edib.
O, həmçinin 1974–1976-cı illərdə Filarmoniyanın bədii rəhbəri və direktoru olub.
Teatr fəaliyyəti ilə yanaşı, Şəmsi Bədəlbəyli kino sahəsində də yaddaqalan obrazlar yaradıb. Sənətkar “O qızı tapın”, “Axırıncı aşırım” və “Ömrün səhifələri” filmlərində çəkilərək tamaşaçıların yaddaşında qalan rollar ifa edib.
Qeyd edək ki, Şəmsi Bədəlbəyli Azərbaycan musiqili teatrının formalaşması və inkişafına verdiyi töhfələrlə milli mədəniyyət tarixində özünəməxsus iz qoyub.

