Bu gün – 23 fevral Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin doğum günüdür.
“Tehsil365" xəbər verir ki, Məleykə Mehdi qızı Abbaszadə (Mustafayeva) 1953-cü il fevralın 23-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış Hesablama Riyaziyyatı və Kibernetika fakültəsinə daxil olmuş, 1975-ci ildə universiteti bitirib, Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant təyin olunub. 1975–1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor kimi çalışıb. 1977–1987-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində fəaliyyət göstərib.
1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987–1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunda aparıcı elmi işçi kimi çalışıb.
1990-cı ildə Azərbaycan «İstedad» Assosiasiyası sədrinin birinci müavini seçilmiş, 1994-cü ilin avqustuna qədər bu vəzifədə çalışmışdır. Bu dövrdə assosiasiya respublikada istedadlı uşaq və gənclərin aşkara çıxarılması üçün elmi-metodiki əsaslar müəyyən etmiş, beynəlxalq təcrübənin tətbiqi üçün yeni tədris metodikaları hazırlamış, Bakı Avropa Liseyinin yaradılmasını təşkil etmişdir.
1994–2000-ci illərdə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000–2016-cı illərdə isə TQDK-nın sədri vəzifəsində çalışmışdır. 2016-cı ilin aprelin 12-də Prezidentin sərəncamı ilə yeni yaradılmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin olunmuş və hal-hazırda bu vəzifəni icra edir.
M.Abbaszadənin rəhbərliyi ilə TQDK və DİM-də elmi-metodiki seminarlar, fənlər üzrə ekspert şuraları və test bankları yaradılmış, tələbə qəbulunun elmi-statistik təhlili aparılmış, nəticələr konfranslarda müzakirə edilmiş, abituriyentlər üçün hazırlıq kursları təşkil olunmuşdur.
Onun təşəbbüsü ilə ölkədə İKT vasitəsilə qəbul imtahanlarının idarə olunması prosesi tətbiq edilmiş, test bankının idarə edilməsi, imtahanın formalaşdırılması və digər proseslər avtomatlaşdırılmış, internet üzərindən geniş auditoriyanı əhatə edən xidmətlər həyata keçirilmişdir.
M.Abbaszadənin rəhbərliyi altında “Abituriyent” jurnalı yaradılmış, elmi-metodiki materialların hazırlanmasında bilavasitə iştirak etmişdir. TQDK-nın regional mərkəzləri açılmış, qəbul imtahanları ölkənin 11 bölgə mərkəzində keçirilməyə başlanmışdır.
O, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş, 60-dək elmi məqalənin və iki dərs vəsaitinin müəllifidir. İki övladı və beş nəvəsi var.
“Tehsil365" İnformasiya Agentliyi Məleykə Abbaszadəni doğum günü münasibətilə təbrik edir, möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayır.

