Mütəxəssis əlavə edib ki, mağazalarda satılan rəngli içkilər insan orqanizminə uyğun deyil və uzunmüddətli istifadəsi sağlamlıq üçün ciddi təhlükə yaradır.
Həkim Aydın Əliyev "Tehsil365"ə verdiyi açıqlamada müasir dövrdə insanların sağlamlığını pozan bir sıra amillərə diqqət çəkib. Onun sözlərinə görə, keçmişdə mövcud olan təbii ekoloji şərait indi yoxdur: su, hava və torpaq əvvəlki kimi deyil. Bu dəyişiklik bütün canlıların – bitkilərin, heyvanların və insanların həyatına birbaşa təsir göstərir.
Əliyev bildirib ki, insanlar yediyi ətlərin – istər quş, istər heyvan əti olsun – mənbəyinin ot olduğunu unutmamalıdırlar. “Ət yeyən heyvanlar əvvəlcə otla qidalanır, biz isə həmin ətləri qəbul edirik. Ona görə də ət yeməklərindən əvvəl göyərti yemək vacibdir. Göyərtilərdə olan vitaminlər və fermentlər qidanın parçalanmasını asanlaşdırır. Təəssüf ki, çoxumuz göyərtini ya qarışdırırıq, ya da ümumiyyətlə yemirik. Halbuki göyərti masanın üzərində mütləq olmalıdır,” – deyə həkim vurğulayıb.
Əliyev həmçinin texnologiyadan, xüsusən telefonlardan həddindən artıq istifadənin yaratdığı problemlərə diqqət çəkib. Onun sözlərinə görə, uşaqlar və gənclər saatlarla telefona baxaraq yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşır, nəticədə beyində müvafiq dəyişikliklər baş verir. Bu, yuxu pozuntularına, hərəkətsizliyə, psixoloji gərginliyə və anormal düşüncələrin yaranmasına səbəb olur. “Telefon asılılığı beynin bütün hüceyrələrinin normal fəaliyyətini zəiflədir, sinir hüceyrələrinin hadisələrə birgə cavab vermə xüsusiyyətlərini yavaşladır. Bu isə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Nəticədə bəzi gənclərdə vaxtından əvvəl saç ağarması müşahidə olunur,” – deyə həkim qeyd edib.
Onun sözlərinə görə, insan yaxşı işlərə əməl etdikdə psixoloji rahatlıq yaranır, bu isə bədənin maddələr mübadiləsini düzgün tənzimləyir. Lakin bütün günü telefona bağlı qalmaq, hərəkətsizlik və yuxu pozuntuları sağlamlıq üçün ciddi riskdir.
Əliyev siqaret istifadəsi, rəngli içkilər, ayaqüstü fast food yeməkləri və gedə-gedə yemək vərdişinin də insan sağlamlığına ziyan vurduğunu vurğulayıb:
“Heyvanlar hərəkətdə yemək yeyə bilərlər, amma insanlar üçün bu zərərlidir. Sağlamlıq üçün düzgün qidalanma, hərəkətlilik və psixoloji rahatlıq vacibdir.”
Bu açıqlama ilə həkim insanların gündəlik həyat tərzində diqqət etməli olduğu əsas məqamları bir daha xatırladıb: düzgün qidalanma, texnologiyadan balanslı istifadə və zərərli vərdişlərdən uzaq durmaq sağlamlığın qorunması üçün ən vacib şərtlərdir.

