Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Salidə Şərifovanın “Azərbaycan postmodern ədəbiyyatı: nəsr, nəzm və dramaturgiya” adlı monoqrafiyası Almaniyanın “GlobeEdit” akademik nəşriyyatında işıq üzü görüb.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, İnstitutdan bildirilib ki, monoqrafiyada müasir Azərbaycan ədəbiyyatının postmodernist mərhələsi fundamental tədqiqat obyektinə çevrilərək geniş oxucu kütləsinə təqdim olunur. Müəllif əsərdə postmodern nəsr, nəzm və dramaturgiya nümunələrini təhlil edərək, bu cərəyana məxsus fabula və süjet xətlərini, obrazların daxili dünyasını və poeziyanın bədii xüsusiyyətlərini dərindən araşdırıb. Monoqrafiya “Postmodern anlayışının yaranması və janr xüsusiyyətləri”, “Azərbaycan postmodern nəsri”, “Azərbaycan postmodern poeziyası”, “Azərbaycan postmodern dramaturgiyası” fəsillərindən ibarətdir.
Bu fundamental tədqiqat əsəri Azərbaycan postmodernizmini çoxşaxəli fenomen kimi həm yerli, həm də beynəlxalq elmi auditoriyaya tanıtmaq baxımından əhəmiyyət kəsb edir.

