Bakı Dövlət Universitetində (BDU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi, həmçinin FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Məhəmməd Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq və gələcək fəaliyyət imkanları geniş şəkildə nəzərdən keçirilib.
BDU-nun rektoru Elçin Babayev universitetin aqrar elmlər, biologiya və qida təhlükəsizliyi istiqamətlərində elmi-tədqiqat imkanları, müasir laboratoriya bazası və beynəlxalq layihələrdə iştirak təcrübəsi barədə məlumat verib. Qeyd olunub ki, biologiya, biotexnologiya, torpaqşünaslıq, kimya və qida mühəndisliyi sahələrində formalaşmış elmi mühit beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Rektor FAO ilə əməkdaşlığın elmi-tədqiqat, ekspert dəstəyi və mütəxəssis hazırlığı istiqamətlərində daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
FAO-nun Azərbaycandakı nümayəndəsi Məhəmməd Nasar Hayat isə rəhbərlik etdiyi təşkilatın təcrübəsi ilə BDU-nun güclü akademik və laboratoriya potensialının birləşdirilməsinin ölkədə kənd təsərrüfatı və qida sistemlərinin inkişafına, eləcə də davamlılığa mühüm töhfə verəcəyini bildirib.
Görüşdə FAO nümayəndələri təşkilatın elmi-tədqiqat və kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə də məlumat veriblər. Bildirilib ki, FAO öz zəngin kitabxana və informasiya resurslarına BDU əməkdaşlarının çıxışını təmin etməyə hazırdır. Eyni zamanda, universitetin alim və mütəxəssislərinin FAO-nun beynəlxalq layihələrinə ekspert qismində cəlb olunması təklif edilib.
Müzakirələr zamanı BDU laboratoriyalarında birgə tədqiqatların aparılması, qida təhlükəsizliyi və keyfiyyət sistemləri, o cümlədən HACCP üzrə təlimlərin təşkili, sertifikat proqramlarının hazırlanması və birgə elmi nəşrlərin hazırlanması məsələləri diqqət mərkəzində olub. Həmçinin regionlarda birgə konfrans və elmi-praktik tədbirlərin təşkili, FAO mütəxəssislərinin BDU-da təlim proqramlarında iştirakı və qarşılıqlı bilik mübadiləsinin gücləndirilməsi mövzuları da müzakirə edilib.
Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsi və konkret fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.

