Bu yaxınlarda açılmış Asiman qalereyasında azərbaycanlı rəssam İntiqam Ağayevin “Susuzluq” adlı yeni rəsm silsiləsinin təqdimatı keçirilib və su ehtiyatlarının tükənməsi probleminə həsr olunub.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Sərginin kuratoru və art-jurnalist, incəsənət mühitində daha çox Sofiya Frank yaradıcılıq təxəllüsü ilə tanınan Firəngiz Ağalarova ictimaiyyətin diqqətini ekologiya problemlərə yönəltmək üçün rəssamların nə etməli olduqlarından danışıb.
“Cəmiyyətin diqqətini hər hansı problemə cəlb etmək üçün onun (cəmiyyətin) qarşısına çıxmaq lazımdır. Yəni, sərgini yalnız “özününkülər” üçün təşkil etməmək, daha geniş auditoriya ilə qarşılıqlı əlaqə qurmaq vacibdir. Müasir rəssamlar, məsələn, ictimai məkanlarda performanslar keçirir və ya şəhər binalarının divarlarında mural əsərlər yaradırlar. Öz əsərinlə və ya onun haqqında aparılan söhbətlərlə sərgi məkanının hüdudlarından kənara çıxmaq lazımdır. Bu yanaşma ekoloji problemi və ya digər sosial əhəmiyyətli mövzunu geniş auditoriya üçün görünən edir”, – deyə o vurğulayıb.
Kuratorun sözlərinə görə, müxtəlif kommunikasiya kanalları ilə işləmək də faydalıdır.
“Məsələn, bir il əvvəl mən “TikTok” platformasında ilk müasir incəsənət sərgisini keçirdim. “Sonsuzluğun sonu” layihəsində Aliya The Mushroom, Xəyalə Əkbər və Ellada Ağayevanın əsərləri təqdim olunurdu. Bu işlər yalnız YARAT-ın nəzdində fəaliyyət göstərən XX-XXI əsrlər Azərbaycan Rəngkarlıq Muzeyində deyil, həm də “TikTok”da yerləşdirilmişdi. Bununla biz daha geniş auditoriyanın diqqətini mövzuya cəlb edə bildik və muzeydə olmayan, hətta onun mövcudluğundan xəbərsiz olan insanlarda müzakirə və düşüncə üçün zəmin yaratdıq”, – deyə həmsöhbətimiz qeyd edib.
O, həmçinin hesab edir ki, “science-art” aktual mövzular ətrafında müzakirələr aparmaq üçün uğurlu istiqamətdir.
“Bu istiqamət incəsənətlə elmi birləşdirir və mürəkkəb mövzuları hər kəs üçün anlaşıqlı edir. Bakıda biz bu sahəni Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskayanın təsis etdiyi “AtəşHub” platformasında inkişaf etdiririk. Platforma konseptual incəsənət üzrə ixtisaslaşan gənc rəssamları birləşdirir. Bu platformada əsas istiqamət kimi “science-art”ı seçən rəssamlar var və hazırda ekologiya mövzusunu da əhatə edən layihə üzərində işləyirik”, – deyə Sofiya Frank söyləyib.

